Ucqar kənd məktəblərində işləyən gənc müəllimlərin şəraitinin yaxşılaşdırılması üçün hansı tədbirlər görüləcək?
Azərbaycan Təhsil Nazirliyi ölkənin ucqar kənd məktəblərində işləyən gənc müəllimlərin şəraitinin yaxşılaşdırılması üçün həyata keçirməyi planlaşdırdığı tədbirləri açıqlayıb.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda rayon mərkəzlərindən uzaq məsafədə yerləşən kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə bir sıra həvəsləndirmə tədbirləri tətbiq olunur. Həmin tədbirlər müəllimlərə yol, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün 40 manat məbləğində kompensasiya verilməsi, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin ayrılması, ipoteka kreditlərinin verilməsidir.
Rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislər üçün isə sadalanan həvəsləndirmə tədbirləri ilə yanaşı, hər ay əməkhaqqına 70 manat əlavə olunur.
Nazirlikdən bildirilib ki, “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində ilkin mərhələdə ucqar kənd məktəblərində işləyən müəllimlər üçün nəzərdə tutulan həvəsləndirmə tədbirləri gücləndiriləcək. Sonrakı mərhələdə isə həmin müəllimlərin əməkhaqqı sisteminin yaxşılaşdırılması və belə məktəblər üçün əlavə maliyyələşdirmə mexanizmi tətbiq ediləcək.
Nazirlik hesab edir ki, bu tədbirlərin nəticəsində müsabiqə ilə orta məktəblərə işə qəbul olunmuş müəllimlərin iş yerlərindən imtina etməsi kimi məsələlər həll ediləcək.
Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunan ucqar kənd məktəbinə göndərilən gənc mütəxəssis həmin məktəbdə 3 il işləməyə məcburdur. Üç ildən sonra iş yerini dəyişmək barədə nazirliyə müraciət edə bilər.
Trend.az