Kambocanın Baş naziri Hun Sen: Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik Bu fikir Azərbaycanın Baş naziri ilə görüşdə səslənmiş, tədbirdə Anlaşma Memorandumu imzalanmışdır

Posted by

Kambocanın Baş naziri Hun Sen: Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik Bu fikir Azərbaycanın Baş naziri ilə görüşdə səslənmiş, tədbirdə Anlaşma Memorandumu imzalanmışdır

Kambocanın Baş naziri Hun Sen: Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

Bu fikir Azərbaycanın Baş naziri ilə görüşdə səslənmiş, tədbirdə Anlaşma Memorandumu imzalanmışdır

Kambocanın Baş naziri Hun Sen: Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik Bu fikir Azərbaycanın Baş naziri ilə görüşdə səslənmiş, tədbirdə Anlaşma Memorandumu imzalanmışdır

Ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Sen aprelin 21-də Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, təkbətək görüşdən sonra baş nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.

Baş nazir Artur Rasizadə Azərbaycanın iqtisadi inkişafı, regionda baş verən proseslər haqqında kambocalı həmkarını məlumatlandırmış, ölkəmizin həyata keçirdiyi genişmiqyaslı layihələr barədə danışmışdır. Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını deyən Baş nazir A.Rasizadə bunun nəticəsində ölkəmizin 20 faiz torpaqlarının işğal olunduğunu, 1 milyondan artıq azərbaycanlının ata-baba yurdundan didərgin düşdüyünü bildirmişdir. Artur Rasizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların uzun müddət davam etməsinə baxmayaraq, hələ ki, heç bir nəticənin əldə olunmadığını qeyd etmişdir. “Bu da münaqişənin həllinə yanaşmada ikili standartların mövcud olduğunu nümayiş etdirir”, – deyə Baş nazir A.Rasizadə vurğulamışdır.

Azərbaycan və Kambocanın aparıcı partiyaları olan Yeni Azərbaycan və Kamboca Xalqları Partiyası arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Artur Rasizadə iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq demişdir: “Bunun üçün ikitərəfli komissiyalar yaradılmalıdır ki, iqtisadi sahədə əlaqələri inkişaf etdirək, qarşılıqlı maraq doğuran layihələri reallaşdıraq”.

Kamboca Krallığının Baş naziri Hun Sen ilk dəfə Azərbaycana 32 il bundan əvvəl səfər etdiyini xatırlatmışdır. O, müstəqillik illərində Azərbaycanın çox böyük inkişaf yolu keçdiyini söyləmiş, bu səfərinin ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasına təkan verəcəyini diqqətə çatdırmışdır.

Hun Sen Kambocanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edərək demişdir: “Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələdə mövqeyimiz dəyişməzdir. Biz ərazi bütövlüyünün pozulması hallarını dəstəkləmirik”.

Kambocanın Baş naziri Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd etmişdir. O, yaxın gələcəkdə Azərbaycanda Kamboca Krallığının səfirliyinin açılmasının planlaşdırıldığını da demişdir.

Hun Sen kambocalı tələbələrin ADA Universitetində təhsil aldıqlarını bildirmiş və gələcəkdə ölkəsinin neft hasil edəcəyini nəzərə alaraq bu sahədə mütəxəssis hazırlığı üçün Azərbaycanın dəstəyinə ümid etdiklərini vurğulamışdır.

Baş nazir Azərbaycanı Kambocanın kənd təsərrüfatına sərmayə yatırmağa dəvət etmişdir. “Biz Azərbaycanı Kambocanın düyü istehsalı və emalı sahəsinə sərmayə yatırmağa dəvət edirik. Biz birlikdə düyü istehsal edərək dünya bazarlarına çıxara bilərik. Kambocada daxili tələbat üçün düyü istehsalının həcmi kifayət qədərdir. Lakin maliyyə resursları az olduğundan biz istehsal etdiyimiz düyünü dünya bazarlarına çıxara bilmirik”, – deyə o, qeyd etmişdir.

 

AzərTac.az