AMEA-nın fəaliyyətini tənzimləyən sənədlər yenidən hazırlanacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətini tənzimləyən bir sıra zəruri və vacib sənədlərin dəqiqləşdirilərək yenidən hazırlanacaq və təsdiq ediləcək. Trend-in məlumatına görə, bu, AMEA-nın 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncaqda qəbul olunan qərarda öz əksini tapıb.
Qərara əsasən, AMEA-nın Rəyasət Heyətinə tapşırılıb ki, ümumi yığıncaqda irəli sürülən təkliflər və tövsiyələr fəaliyyət zamanı nəzərə alınsın, AMEA-nın 2020-ci ilədək İnkişaf Konsepsiyası işlənib hazırlansın və onun icrasına nəzarət edilsin, Konsepsiyada elmin prioritet istiqamətləri müəyyənləşdirilsin. Bundan əlavə, elmi proqramların müsabiqə əsasında maliyyələşdirilməsinin təmin edilməsi, iki və daha artıq elmi sahədə aparılan tədqiqatlara həsr olunmuş proqramlara üstünlük verilməsi qərara alınıb.
Qərarda həmcinin qeyd edilib ki, gənc alimlərin Akademiyaya cəlb olunması siyasətinin əsas prinsipləri işlənib hazırlansın, elmi fəaliyyətdə İKT-nin tədbiqi daha da genişlənsin. Qərara əsasən, Azərbaycanda keçirilən fənn olimpiadalarında və ixtisaslaşmış məktəblərin qurulmasında alimlərin geniş iştirakı təmin edilməli, elm və təhsilin inteqrasiyası daha da gücləndirilməlii, AMEA-nın institutlarında və elmi mərkəzlərində baza kafedraları inkişaf etdirilməli və genişləndirilməli, 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar akademiyanın innovasiya fəaliyyətinə diqqət artırılmalıdır.
Akademiya həm də “Elm haqqında” qanunun qəbulunun sürətləndirilməsi barədə Milli Məclis qarşısında vəsatət qaldıracaq.
Trend.az