Azərbaycanda milli azlıqlarla bağlı aparılan siyasət digər ölkələr üçün örnəkdir

Posted by

Azərbaycanda milli azlıqlarla bağlı aparılan siyasət digər ölkələr üçün örnəkdir

Azərbaycanda milli azlıqlarla bağlı aparılan siyasət digər ölkələr üçün örnəkdir

Azərbaycanda milli azlıqlarla bağlı aparılan siyasət digər ölkələr üçün örnəkdir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında ən geniş maraq və diskussiyalar doğuran məruzələrdən biri milli azlıqlar probleminə həsr edilmişdi. Macarıstandan olan deputat Ferens Kalmarın hazırladığı “Avropada ənənəvi milli azlıqların vəziyyəti və hüquqları” adlı həmin məruzə ətrafındakı müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov həm ölkəmizdə bu sahədəki müsbət ənənələrdən, hazırda aparılan uğurlu siyasətdən bəhs etmiş, həm də milli azlıqlara qarşı aqressiv siyasət aparan işğalçı Ermənistanda həmin sahədəki acınacaqlı vəziyyətdən danışmışdır. Çıxışında bir sıra konkret faktlara əsaslanan Rafael Hüseynov demişdir: “Milli azlıqlarla bağlı məsələ tarixin bütün dövrlərində çox həssas olub və indi sərhədlərin daha açıq, coğrafiyaların bir-birinə daha çox yaxınlaşdığı zamanda keçmişdəkindən də xeyli artıq aktuallıq kəsb edir. Mənim ölkəm, Azərbaycan da çoxmillətli, çoxdinli, çoxmədəniyyətli bir ölkədir və təbii ki, bu problem bizim üçün də ciddi məna kəsb edir. Düşünürəm ki, hər hansı ölkədə milli azlıqlarla bağlı siyasətin bu gün nə şəkildə aparılmasından daha əvvəl, həmin siyasətin uğurlu nəticələr verə bilməsindən ötrü o ölkədə müvafiq ənənələrin varlığı mühümdür. Əgər keçmişdən gələn belə ənənələr varsa, prosesi tənzimləmək də daha rahat olur. Zənnimcə, Azərbaycan bu baxımdan örnək ölkələr sırasındadır. Milli, dini, mədəni tolerantlığın əsrlərdən bəri gələn zəngin təcrübəsi bu gün də ölkədə həmin istiqamətdə problemləri yox səviyyəsinə endirə bilir. Adicə bir misal. Azərbaycanın Quba rayonunda dəniz səviyyəsindən 2350 metr hündürlükdə 5000 il yaşı, 2 min nəfərə qədər əhalisi olan Xınalıq kəndi yerləşir. Bu kəndin yalnız onlara məxsus olan dili və 47 hərfdən ibarət əlifbası var ki, yalnız orada işlənir. Bununla belə Xınalıq dili ayrıca olaraq tədris edilir, dövlət tərəfindən dərs vəsaitləri nəşr edilir, əvvəllər ilin tən yarısı dünya ilə əlaqəsi kəsilən bu kəndə xüsusi yol çəkilib. Yəni bu balaca kəndin və nadir etnik qrupun ömrünü davam etdirməsi üçün Azərbaycan dövləti bütün tədbirləri görüb və görür. Ruslar, yəhudilər, talışlar, tatlar, gürcülər və 20-dan artıq digər milli azlıq Azərbaycanda mehriban bir ailədə yaşayır, onların məktəbləri, nəşrləri, mətbuat orqanları var.

Bu gün Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistanda azərbaycanlı qalmayıb, amma Azərbaycanda ölkə vətəndaşı olan 30 minə yaxın erməni yaşayır. Bu fakt milli azlıqlara dözümlü münasibəti ifadə edən çox ibrətli göstəricidir”.

Rafael Hüseynov milli azlıqlar problemi ilə bağlı təhlükəli bir məqama da diqqət yönəldərək bəzən müəyyən xarici qüvvələrin ayrı-ayrı ölkələrdə milli azlıqlardan separatist məqsədlərlə istifadə etdiyini vurğulamışdır: “Lakin milli azlıqlarla bağlı müxtəlif ölkələrə qarşı xarici qüvvələrin təxribatlar törətmək, separatizmə rəvac vermək cəhdləri də olur ki, bu təmayül son dərəcə təhlükəlidir. Bir dövlət öz ölkəsində milli azlıqlar üçün ən ideal şəraiti yaratsa belə, idarə olunan, təsir altına düşən müəyyən şəxslər, ya qruplar konkret ölkədə guya hansısa milli azlığa qarşı təzyiqlər, ya diqqətsizliklərin mövcudluğu barədə hay-küy qaldıra bilər və bunun son illərdə müşahidə olunmuş nümunələri də az deyil. Bu elementdən hansısa dövlətlərə qarşı sabitliyi pozmaq, kənardan hərbi müdaxilə, təcavüz vasitəsi kimi istifadə edilməsi halları da rast gəlinir ki, milli azlıqlarla bağlı ən narahatedici problem elə budur.

Doğrudur, elə üzv dövlətlər var ki, orada milli azlıq problemi yerli-dibli yoxdur. Məsələn, Ermənistanın sistemli şəkildə apardığı monoetnik dövlət yaratmaq siyasəti ona gətirib çıxarıb ki, əvvəlcə 300 mindən artıq azərbaycanlı həmin ölkədə yüz illər boyu yığcam yaşadığı ərazilərdən qovulub, ardınca da digər milli azlıqlar tədricən ölkədən çıxarılıb. Bu ölkədə milli azlıqlarla əlaqədar problemlər şəbəkəsini biryolluq həll etmək və daha heç vaxt bu haqda narahatlıq duymamaq üçün “adam yoxdur, problem də yoxdur” xətti əsas götürülüb.

Rasizm, ksenofobiya, millətçilik həmişə cəmiyyətə yalnız zərər yetirib və XXI əsrdə belə həmin elementlərin varlığı təəssüf doğurmaya bilmir. Həmin neqativ hallara qarşı mübarizə, milli azlıqların hər ölkədə hüquqlarının tam təmin edilməsi ortaq işimiz, daha sivil Avropa evi quruculuğunda daim başlıca vəzifəmiz olmalıdır. Lakin eyni zamanda milli azlıqlardan ayrı-ayrı ölkələrə qarşı xarici qüvvələrin separatist məqsədlərlə istifadəsinə qarşı da mütəşəkkil, müştərək qarşıdurma və müqavimət üçün də daim səfərbər olmalıyıq”.

Azərbaycanlı deputatın məzmunlu çıxışı assambleya üzvlərində maraq doğurmuşdur.

 

AzərTac.az