Bakının Nizami rayonunun ictimaiyyəti Quba məzarlığında olub
Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirir. Həmin tədbirlər silsiləsindən martın 29-da Nizami rayon ictimaiyyəti Quba məzarlığında olub.
Trend-in məlumatına görə, Nizami rayon ictimaiyyətinin bir qrupu, o cümlədən, YAP Nizami rayon təşkilatının fəalları və gəncləri Qubadakı kütləvi məzarlığa gələrək soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Qeyd edilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb.
Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Vurğulanıb ki, bu məzarlıq erməni qəsbkarlarının iç üzünün dünyaya çatdırılması üçün canlı nümunədir.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan və ötən ilin 18 sentyabr tarixində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar.
Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar yer alıb. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Burada ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, bunun üçün imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb. Həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə məlumatların və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar var. Kompleksdə kütləvi məzarlığın fotoları, məzarlıq ərazisində tapılan soyuq silah və digər əşyalar da var.
Fikirlərini bildirən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova və digərləri xüsusi olaraq vurğulayıblar ki, son dövrlərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artıb. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər görür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir. Məhz, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı qətlə yetirilənlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Heydər Əliyev Fondunun atdığı bu addımlar tarixi əhəmiyyəti ilə seçilir.
Trend.az