Millət vəkili: Azərbaycan və Gürcüstan oxşar problemlərinin həllində bir-birinə dəstək verməlidirlər

Posted by

Millət vəkili: Azərbaycan və Gürcüstan oxşar problemlərinin həllində bir-birinə dəstək verməlidirlər

Millət vəkili: Azərbaycan və Gürcüstan oxşar problemlərinin həllində bir-birinə dəstək verməlidirlər

Millət vəkili: Azərbaycan və Gürcüstan oxşar problemlərinin həllində bir-birinə dəstək verməlidirlər

Azərbaycan və Gürcüstan oxşar problemlərinin həllində bir-birinə dəstək verməlidirlər. Trend-in məlumatına görə, bunu millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Azərbaycanda səfərdə olan gürcü ziyalı və gənclər ilə görüşdə deyib.

Gürcüstandan gəlmiş ziyalılar və gənclərlə görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi, bu günü və gələcək prespektivləri ilə bağlı fikirlərini bölüşən Qənirə Paşayeva Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Gürcüstanla münasibətlərin inkişafına verdiyi xüsusi önəm və həyata keçirilən böyük işlər barədə gənclərə geniş məlumat verib. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdiyini deyib: “Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, bu, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir”.

Millət vəkili Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən Gürcüstanda həyata keçirilən mədəni, təhsil, sosial layihələr barədə də məlumat verərək, iki dost ölkə arasında münasibətlərin daha da genişləndiyini və onun inkişafında hər iki ölkənin gənc nəsillərinin üzərinə böyük vəzifələr düşdüyünü deyib: “İki ölkə arasında yaxşı siyasi, iqtisadi və mədəni əlaqələr mövcuddur. Bununla yanaşı Gürcüstan vətəndaşı olan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər iki ölkəni biri-birinə daha sıx bağlayan tellərdir”.

Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun fəaliyyəti barədə də məlumat verən millət vəkili Milli Məclisin Gürcüstan ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb: “Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulması kimi oxşar problemləri var. Bunları həll etmək üçün bizim biri-birimizə daha güclü şəkildə dəstək verməyimizə, xüsusilə gənc nəsillərin bu istiqamətdə fəallığının daha da artırılmasına ehtiyac var”.

Millət vəkili qonaqlara 20 Yanvar faciəsi, Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları barədə geniş məlumat verib. O, bildirib ki, Azərbaycan və Gürcüstan qonşu və dost ölkələrdir və gənclərimizin biri-birini daha yaxından tanıması və əməkdaşlığı istiqamətində layihələrin bundan sonra daha da genişlənməsinə böyük ehtiyac var.

 

Trend.az