Ukrayna MDB ölkələri Baş Qərargah rəislərinin Bakı toplantısına qatılmayacaq
Ukrayna Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasına öz nümayəndəsini göndərməyəcək. Bu barədə Trend-ə Ukraynanın Azərbaycandakı səfirliyinin mədəni, humanitar və informasiya məsələləri üzrə üçüncü katibi Yuri Lupey deyib.
Onun sözlərinə görə, Ukrayna MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin Bakıda keçiriləcək iclasında təmsil olunmayacaq.
Xatırladaq ki, Ukrayna bir neçə gün öncə 2014-cü ildə Müstəqil Dövlətlər Birliyində (MDB) öz sədrliyini dayandırdığı bəyan etmişdi. Bu barədə məlumat verən Ukrayna XİN-in İnformasiya siyasəti departamentinin direktoru Yevgeni Perebeynos bildirmişdi ki, 1991-ci ildə imzalanmış Belovej sazişinə görə, Ukrayna MDB-nin yaradıcılarından biri olsa da, o, təşkilatın Nizamnaməsini təsdiq etməyib və buna görə də de-yure Birliyin iştirakçısı deyil.
Qeyd edək ki, aprelin 7-8-də Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası keçiriləcək. Belə bir tədbir ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. İclasda MDB ölkələrinin Baş Qərargah rəislərinin iştirakı nəzərdə tutulur.
Trend.az