DSMF Şirvan şəhərində “Sığorta-pensiya sistemində elektron xidmətlər” mövzusunda regional təqdimat keçirib
Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 19-a çatdırılıb. “Elektron hökümət” portalının statistikasına görə, Fondun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında qərarlaşıb. Elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təqdimatı və bu xidmətdən yararlanma ilə bağlı davamlı maarifləndirmə işlərinin aparılması DSMF-nin fəaliyyətində prioritet təşkil edir.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, elektron xidmətlərlə bağlı bu yaxınlarda Qubada keçirilən regional təqdimatın ardından DSMF növbəti belə bir təqdimatı martın 18-də Şirvan şəhərində – Azərbaycanın Aran və Qarabağ bölgələrinin də təmsil olunduğu 1 şəhər və 11 rayonun nümayəndələrinin iştirakı ilə gerçəkləşdirib. Şirvan şəhərini və Salyan, Neftçala, Hacıqabul, Kürdəmir, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarını təmsil edən sığorta edənlər, sığorta olunanlar və pensiyaçıların iştirak etdiyi təqdimat mərasimində Fondun əhaliyə göstərdiyi elektron xidmətlər barədə geniş məlumat verilib.
DSMF-nin pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov çıxış edərək, hazırda Azərbaycanın sığorta-pensiya sisteminin ölkə əhalisinin 40 faizindən çoxunu əhatə etdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, Fondun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 691 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Ötən il ərzində DSMF-nin həm öz saytı (www.dsmf.gov.az), həm də “elektron hökümət portalı” (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb.
Təqdimat zamanı bildirilib ki, hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatların tam elektron qaydada qəbul edilməsi təmin olunub. “Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu” adlı elektron xidmət sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. “Yardım masaları”nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı kiçik ödəniş edən sığorta edənlərin elektron hesabatlarının sayının daha da artacağı gözlənilir.
Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq məlumat almaq, pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablamaq imkanı əldə edir. Həmçinin, pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən DSMF-nin 190-0 “Çağrı Mərkəzi” nə zəng etməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir.
Təqdimat mərasimində DSMF-nin elektron xidmətləri barədə slaydlar nümayiş olunub, Fondun informasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev həmin slaydlar vasitəsilə elektron xidmətlərin hər biri barədə iştirakçılara geniş məlumat çatdırıb.
Təqdimat zamanı, həmçinin sığorta edənlərin, sığorta olunanların və pensiyaçıların elektron xidmətlərlə bağlı çoxsaylı sualları cavablandırılıb, təklifləri dinlənilərək müzakirə olunub.
Trend.az