Buxarestdə Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələri müzakirə olunmuşdur

Posted by

Buxarestdə Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələri müzakirə olunmuşdur

Buxarestdə Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələri müzakirə olunmuşdur

Buxarestdə Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələri müzakirə olunmuşdur

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azay Quliyev, Musa Quliyev və Qənirə Paşayeva Rumıniya–Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Yulian Yankunun dəvəti ilə Buxarestdə səfərdədirlər. Nümayəndə heyəti səfər çərçivəsində Tey Parkı – Heydər Əliyev xiyabanında Ümummilli Liderin abidəsinin önünə güllər qoymuş, Ulu Öndərin xatirəsini ehtiramla yad etmişdir.

Sonra Rumıniya–Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri ilə görüş keçirilmişdir.

Qrupun sədri Y.Yanku Azərbaycan ilə Rumıniya arasında əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişafı üçün potensialın gündən-günə artdığını bildirmişdir. O, hazırda Azərbaycanda yeddi rumın şirkətinin layihələr qazandığını diqqətə çatdırmışdır. Bu şirkətlərin əsasən informasiya-kommunikasiya texnologiyaları və neft avadanlığı sahələrinə aid olduğu vurğulanmışdır.

Mədəniyyət sahəsində əlaqələrin əhəmiyyətindən danışan Y.Yanku bu istiqamətdə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirmişdir. O, gələcəkdə Xəzər dənizi regionunda ilk Rumıniya Mədəniyyət İnstitutunun nümayəndəliyinin məhz Azərbaycanda açılmasının planlaşdırıldığını vurğulamışdır. Sədr, həmçinin Rumıniyanın enerji istehsalının yenilənməsinə ehtiyacın olduğunu qeyd etmişdir. ARDNŞ-in hazırda Rumıniya bazarında ixtisaslaşmış fəaliyyətini qeyd edən Y.Yanku ölkənin Konstansa şəhərində iki terminalın şirkət tərəfindən istifadəsi üçün yararlı olduğunu diqqətə çatdırmışdır.

Azərbaycan-Rumıniya parlamentlərarası işçi qrupunun sədri

Azay Quliyev iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını bildirmişdir. O, Rumıniyada mədəniyyət və humanitar sahələrdə Heydər Əliyev Fondunun nümayəndəliyinin, enerji sahəsində isə ARDNŞ-in təmsilçiliyinin fəaliyyətlərinin təqdirəlayiq olduğunu vurğulamışdır.

Milli Məclisin deputatı Heydər Əliyev Fondunun xarici ölkələrdə həyata keçirdiyi layihələrdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışmışdır. O, Rumıniya hökumətinin və parlamentinin NATO, ATƏT, Avropa İttifaqı və Avropa Şurası kimi beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyinə görə təşəkkürünü bildirmişdir.

A.Quliyev, həmçinin Rumıniya parlamentində deputat Luçian Militaru tərəfindən Xocalı soyqırımı ilə bağlı verilən bəyanatın Azərbaycanda yüksək qiymətləndirildiyini bildirmişdir. O, bir sıra ölkələrdə olduğu kimi, Rumıniya qanunverici orqanında da Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul ediləcəyinə inandığını bildirmişdir.

Milli Məclisin deputatı ATƏT-in Parlament Assambleyasının Bakıda keçiriləcək yaz sessiyasında müzakirə olunacaq ATƏT ölkələrinin ərazilərində mədəni mülkiyyətin qorunması ilə bağlı qətnaməni Y.Yankuya təqdim etmişdir və Rumıniya tərəfinin bu məsələdə Azərbaycanı dəstəkləyəcəyinə əminliyini bildirmişdir.

Y.Yanku oktyabrda Bakıda enerji məsələsi ilə bağlı təşkil olunacaq tədbirdə iştirak etməyi planlaşdırdığını bildirmişdir. O, Azərbaycan şirkətlərini Rumıniyanın infrastruktur layihələrində iştiraka dəvət etmişdir. Həmçinin Rumıniya Mədəniyyət İnstitutunun Azərbaycanda nümayəndəliyinin açılmasının prioritet olduğu vurğulanmışdır.

 

AzərTac.az