Azərbaycanın Meksikada və Kolumbiyadakı səfiri Kolumbiyanın xarici işlər naziri ilə görüşüb
Azərbaycanın Meksikada və eyni zamanda Kolumbiyadakı səfiri İlqar Muxtarov Kolumbiyanın xarici işlər naziri xanım Maria Anqela Holquin Kuellar (Maria Angela Holguín Cuellar) ilə görüşüb.
Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfir İ.Muxtarov bu ili iki ölkə arasında əlamətdar il kimi xarakterizə edərək, Kolumbiyanın Azərbaycanda səfirlik açmasının Azərbaycan tərəfindən məmnuniyyətlə qarşılandığını bildirib.
O, cari ilin mart ayında Azərbaycanın Kolumbiyada diplomatik nümayəndəliyinin fəaliyyətə başlayacağını qeyd edərək, bu ölkəyə təyin olunmuş müvəqqəti işlər vəkili Ramil Fərzəliyevi qarşı tərəfə təqdim edib. Səfir Azərbaycan Meksikadakı səfirliyinin Kolumbiyadakı ofisinin fəaliyyətə başlamasının əlaqələrin intensivləşdirilməsinə, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyini qeyd edib.
Diplomat Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Kolumbiya Konqresinin ədalətli mövqedən çıxış etdiyini qeyd edərək, Kolumbiya Senatının 2012-ci ildə “Azərbaycan ərazisinin qanunsuz işğal edilməsi haqqında” və 2013-cü ildə Kolumbiya Konqresinin Nümayəndələr Palatasının Xocalı soyqırımını da pisləyən “Ermənistan-Azərbaycan münaqişəsi haqqında” qərarlarına görə Kolumbiya tərəfinə bir daha minnətdarlıq bildirib.
Nazir Kuellar 2013-cü ildə Azərbaycana səfərini, eləcə də Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini məmnuniyyətlə xatırladığını, Kolumbiyanın Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu, ikitərəfli əlaqələrin bütün sahələrində faydalı əməkdaşlıq üçün kifayət qədər potensialın mövcudluğunu qeyd edərək, Azərbaycanlı həmkarı cənab Elmar Məmmədyarovla görüşlərində bu istiqamətdə müzakirələr aparıldığını bildirib.
Daha sonra səfir İ.Muxtarov iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə cari ilin payızında Kolumbiyada Azərbaycan Mədəniyyət Günlərinin keçiriləcəyini bildirərək, Kolumbiyanın aidiyyəti qurumlarının bununla bağlı lazımi dəstəyi göstərəcəyinə ümidvar olduğunu qeyd edib. O, Kolumbiyanın da Azərbaycanda bu kimi tədbirlər keçirməsini arzu etdiyini həmsöhbətinə çatdırıb.
Görüş zamanı iki ölkə arasında mövcud dost münasibətlərin daha da dərinləşdirilməsi və ikitərəfli sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Apa.az