Komitədə azərbaycanlı deputatın təklifi yekdilliklə qəbul olunmuşdur
Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin növbəti toplantısı keçirilmişdir.
Komitə üzvləri gündəliyə çıxarılan “Qaçqınlar və iş hüququ”,
“Miqrantların cəmiyyətə inteqrasiyası”, “Miqrantların gizli yolla kütləvi şəkildə İtaliyaya gəlişi”, “Miqrantların diaspora təşkilatlarında demokratik iştirakı” və sair məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
Avropada qaçqın və məcburi köçkün problemi ilə bağlı çıxış edən Fransanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Assambleyada Fransa-Ermənistan parlamentlərarası işçi qrupunun sədri Rene Ruke nədənsə çıxışında yalnız Gürcütanda qaçqın və məcburi köçkünlərin vəziyyəti baradə məlumat vermiş, Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində doğma torpaqlarından silah gücünə, zorla çıxarılaraq öz vətənlərində qaçqın və məcburi köçkün həyatı yaşayan bir milyondan artıq azərbaycanlının vəziyyətindən danışmamışdır.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev ermənipərəst fransalı deputatın çıxışına münasibət bildirmiş, azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı məsələnin məruzəyə daxil edilməsini dəfələrlə qaldırdığını xatırlatmış və bu məsələnin məruzədə öz əksini tapmasını yenidən təklif etmişdir.
R. Rzayevin haqlı iradı komitə üzvləri tərəfindən dəstəklənmiş və azərbaycanlı qaçqın və məscburi köçkünlərlə bağlı məsələnin gələcəkdə məruzədə əksini tapması qərara alınmışdır.
Komitənin növbəti iclasının may ayında Bakıda keçiriləcəyi diqqətə çatdırılmışdır.
AzərTac.az