Azərbaycanda ümumrespublika yayımı üçün yeni telekanalın açılması üzrə müsabiqənin qalibi açıqlandı
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Şuradan Trend-ə daxil olan məlumata görə, iclasda Milli Televiziya və Radio Şurasının 14 yanvar 2014-cü il tarixli qərarı ilə ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş “Brand in Baku” MMC, “Fatiyev Company” MMC, “Region TV” MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.
Qərara əsasən digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Region TV” MMC ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edilib və ona 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla ümumrespublika televiziya yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.
Qeyd edək ki, bununla da ölkə üzrə yayımlanan ümumrespublika televiziya kanallarının sayı 10-a çatıb. Region TV-nin Bakıda yayıma başlayacağı tarix isə 2014-cü ilin may ayına planlaşdırılır. Region TV Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanacaq. Bölgələrdə isə yayım regional telekanalların – Kəpəz TV, RTV, CTV, EL TV və Kanal S-in siqnalları vasitəsilə həyata keçiriləcək. Açıq yayımla yanaşı, Region TV Azərbaycanın ilk peyki olan AzerSpace1-in Avropa seqmentində, kabel TV-lər, həmçinin internet vasitəsilə də yayımlanacaq.
Yaxın gələcəkdə ölkədə analoq yayımın dayandırılacağını nəzərə alaraq, Region TV, eləcə də bütün regional kanalların yayımı rəqəmsal (DVB – T) formatda həyata keçiriləcək.
Trend.az