Azərbaycanda dini zəmində cinayət halları üzrə istintaqın aparılması səlahiyyətləri prokurorluq orqanlarından alınır
Azərbaycanda prokurorluq orqanları tərəfindən aparılan ibtidai istintaqın sayı azaldılır.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir.
Məcəllənin 215.3-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, 167-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma) və 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddələr prokurorluq orqanları tərəfindən ibtidai istintaqı aparılan iş üzrə maddələr siyahısından çıxarılır. Beləliklə artıq bu hallar üzrə istintaq prokurorluq orqanları tərəfindən aparılmayacaq.
Prokurorluğun səlahiyyətlərindən alınan qeyd olunan maddələr üzrə ibtidai istintaqın hansı orqan tərəfindən aparılması bu məcəllənin 215.5-ci maddəsi əsas götürülərək Azərbaycan Prezidentinin qərarından asılı olacaq.
Qeyd edək ki, Cinayət Prosessual Məcəlləsinin 215.3. maddəsinin qüvvədə olan variantına görə, ibtidai istintaq aşağıdakı hallarda prokurorluq tərəfindən aparılır: Cinayət Məcəlləsinin 100-113, 120-125, 126.3, 135-138, 145, 146, 149, 154-164, 165.2, 165-2, 165-3, 166.2, 167-168, 169-1, 179, 189-1, 190, 191, 193-1, 195, 195-1, 202-203-1, 208, 210-212, 222, 223, 262, 268, 286-288, 290-302, 304, 307-315, 316-2.1, 317, 317-1.2, 318-1, 321, 323-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub, martın 14-də müzakirəyə çıxarılacaq.
Apa.az