AZAL uçuşların dəqiqliyinə görə birinci yeri tutub
“Azərbaycan Hava Yolları” QSC (AZAL) milli aviasiya şirkəti Moskvanın Domodedovo aeroportu tərəfindən keçirilən müsabiqədə uçuşların dəqiqliyinə görə birinci yeri tutub. Trend-in məlumatına görə, bu barədə aeroportun yaydığı xəbərdə deyilir.
Moskvanın Domodedovo aeroportunun tərəfdaşları olan S7 qrupu aviaşirkətləri ən çox sayda cədvəldən sapmasız reysləri yerinə yetirərək fevralın nəticələrinə görə dəqiqlik müsabiqəsinin qalibi olublar. Liderlər arasında, həmçinin “Rusiya”, “Uçuş”, “İjavia”, “Lufthansa”, SWISS, AZAL, “Aegean Airlines” şirkətləri olub.
Domodedovo aeroportu hər ay tərəfdaş aviaşirkətlərin reyslərin icra edilməsi tezliyindən və hava gəmisinin maksimal uçuş kütləsindən asılı olaraq səkkiz kateqoriya üzrə dəqiqlik müsabiqəsinə yekun vurur.
Domodedovonun xarici tərəfdaşları ayrı-ayrı qruplarda qiymətləndirilirlər. Beşinci kateqoriyada 157 dəqiq reys nəticəsi ilə “Lufthansa” ən dəqiq aviaşirkət olub. İsveçrənin SWISS şirkəti cədvəl üzrə 101 ciddi reys həyata keçirib və altıncı kateqoriyada ən yaxşı olub. Yeddinci və səkkizinci kateqoriyalarda liderlik müvafiq olaraq “Azerbaijan Airlines”-ə (53 dəqiq reys) və “Aegean Airlines”-ə (20 dəqiq reys) çatıb.
Moskvanın Domodedovo aeroportu tərəfindən tərəfdaş aviaşirkətlərin dəqiqliyinin aylıq müsabiqəsi artıq altı ildən çoxdur keçirilir və aviadaşıyıcının xidmət keyfiyyətinin təkmilləşdirilməsinin effektiv aləti kimi xidmət edir.
Müsabiqənin keçirildiyi müddət ərzində hava limanının tərəfdaşlarının sayı 30 faizdən çox artıb. Məlumatlara görə, 2014-cü il fevralın əvvəlində Domodedovo aeroportundan reyslər 241 daxili və beynəlxalq istiqamət üzrə 84 aviaşirkət tərəfindən yerinə yetirilir ki, bunlardan 86-sı Moskvanın aviasiya qovşağı üçün unikaldır.
Trend.az