Nyu Yorkda “Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012/2013” adlı kitab nəşr olunub
Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012-2013-cü illərdə qeyri-daimi üzv kimi fəaliyyət göstərib.
Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyindən APA-ya verilən məlumata görə, müstəqillik tarixində ilk dəfə bu ali qurumun üzvü kimi ölkəmiz beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələr və qərarların qəbul edilməsinin bilavasitə iştirakçısı olub və bir sıra vacib mövzularda öz prinsipial mövqeyini ortaya qoymağa nail olub.
2014-cü ilin fevral ayında Nyu Yorkun “Liberty” nəşriyyatında Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən hazırlanmış “Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012/2013” (The Republic of Azerbaijan in the United Nations Security Council 2012/2013) adlı kitab ingilis dilində nəşr olunub. Kitaba Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının 4 may 2012-ci il tarixində keçirilmiş yüksək səviyyəli iclasında çıxışı, xarici işlər naziri Elmar Məmmədyarovun və nümayəndə heyətimizin üzvlərinin Təhlükəsizlik Şurasının açıq iclaslarında çıxışları, Şuradakı iki sədrliyimizin (may 2012-ci il və oktyabr 2013-cü il) rəsmi hesabatları, konseptual arayışlar, ölkəmizin təşəbbüsü ilə qəbul olunmuş bəzi mühüm sənədlər, Təhlükəsizlik Şurasının 1533 (2004) saylı qətnaməsi əsasında təsis edilmiş Sanksiyalar Komitəsində (Konqo Demokratik Respublikası üzrə) sədrliyin hesabatları, “Arria formulası” çərçivəsində təşkil olunmuş tədbirlə bağlı materiallar və fotoşəkillər daxil edilib.
Kitabın nüsxələri BMT-nin Baş katibi, onun müavinləri və Katibliyin digər yüksək vəzifəli məmurlarına göndərilib, BMT-yə üzv olan dövlətlərin BMT yanında daimi nümayəndəlikləri arasında yayılıb, eləcə də ABŞ-da fəaliyyət göstərən aparıcı araşdırma mərkəzləri, təhsil ocaqları və kitabxanalara çatdırılıb. Həmçinin, kitabın elektron formatındakı versiyası Amazon, iTunes və Barnes and Noble şəbəkələrində yerləşdirilib.
Apa.az