Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eştonun İrana rəsmi səfəri başlayıb
Avropa Birliyi (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin İrana səfəri başlayıb.
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, Ketrin Eştonu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı qarşılayıb.
AB rəsmisi üçgünlük səfəri çərçivəsində martın 9-da günorta saatlarında bir işgüzar naharda İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək.
K. Eşton həmçinin İran prezidenti Həsən Ruhani, ölkə parlamentinin sədri Əli Laricani, İran Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti, İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani ilə də bir araya gələcək.
AB rəsmisi İran rəsmiləri ilə görüşlərini bitirdikdən sonra martın 10-da İsfahan şəhərinə gedəcək və burada tarixi, maddi-mədəniyyət abidələrini ziyarət edəcək.
K.Eştonun İran rəsmiləri ilə keçirəcəyi görüşlərdə rəsmi Tehranla AB arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və nüvə məsələsi əsas müzakirə mövzusu olacaq.
Qeyd edək ki, K.Eştonu bu səfərdə müavini Helqa Şmidt və xüsusi köməkçisi Stefan Kolment müşayiət edir. Bu, onun AB xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi kimi də İrana ilk rəsmi səfəridir.
Apa.az