Azərbaycanda icbari tibbi sığortanın əhatə edəcəyi xəstəliklərin siyahısının hazırlanması təklif olunur
“İcbari tibbi sığorta haqqında” qanunun monitorinqini həyata keçirmək üçün Milli Məclisdə xüsusi qrup yaradılacaq. Daha sonra tibb sahəsində çalışan mütəxəssislərin iştirakı ilə parlamentdə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar geniş dinləmələr keçiriləcək. Trend xəbər verir ki, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bununla bağlı qərar qəbul edilib.
Komitənin sədri Hadı Rəcəbli qeyd edib ki, son zamanlar Azərbaycanda icbari tibbi sığortanın tətbiqi istiqamətində müəyyən canlanma hiss olunur ki, bu da təqdirəlayiqdir: “Əvvəllər hökumətdə bu məsələyə səhlənkar yanaşırdılar. Lakin keçmiş həmkarımız Əli Əhmədov Nazirlər Kabinetinə gedəndən sonra bu sahədə canlanma var. Ümid edirəm ki, icbari tibbi sığortanın tətbiqi sahəsində ciddi irəliləyiş olacaq”.
Onun sözlərinə görə, Azərbaycanda tibbii sığorta ilə bağlı bəzi məsələlər Nazirlər Kabinetinə həvalə edilib. Halbuki bir çox ölkələrdə həmin məsələlər qanunlarla təsbit edilir.
Deputat, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov isə qeyd edib ki, Azərbaycanda müalicə və diaqnostikaya ehtiyacı olan insanların çoxdan gözlədiyi icbari tibbi sığortanın tətbiqi sahəsində artıq addımlar atılmağa başlanıb: “Əminəm ki, 2015-ci ildə biz artıq bunun tətbiqinin şahidi olacağıq. Hesab edirəm ki, Milli Məclis olaraq biz də Nazirlər Kaibnetinə yaxından yardım etməliyik”.
Millət vəkili Musa Quliyev bildirib ki, icbari tibbi sığorta ölkədə aparılan islahatların ən çətini və mürəkkəbidir. Azərbaycanda olan 9 milyon 400 min nəfər insanın hamısının bu məsələdə marağı var. Ona görə də bu sahədə mövcud qanunvericiliyə də düzəlişlər edilməlidir: “İcbari tibbi sığorta haqqında” qanun təxminən 15 il bundan əvvəl qəbul olunub. O vaxtkı tələblərlə indiki tələblər eyni deyil. Ona görə də qanunun monitorinqi keçirilməli, ona lazımi əlavə və düzəlişlər edilməli, tibb sahəsinin işçilərinin iştirakı ilə dinləmələr keçirilməlidir”.
Komitənin digər üzvü İlham Məmmədov deyib ki, artıq ölkədəki sığorta fondları üçün konkret vəzifələr müəyyənləşdirilməli, bütün tibbi sığorta haqlarının vahid formada aparılması üzrə Avropa modelinin Azərbaycanda tətbiqi mexanizmi yaradılmalıdır: “Bu mexanizmin işə düşməsi üçün isə əvvəlcə xəstəliklərin paketi müəyyənləşdirilməlidir. Bu paketə Azərbaycan üçün xarakterik olan xəstəliklərin adları daxil edilməlidir”.
Trend.az