Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış olmuşdur.
Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesləri ölkə həyatının bütün sahələrinin dinamik şəkildə yenidən qurulması üçün əlverişli şərait yaradır. İqtisadi inkişaf tempinə görə sürətlə inkişaf edən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtda və regionlarda bütün sahələrdə ən müasir infrastrukturun yaradılmasına, yeni-yeni obyektlərin inşa olunmasına, mövcud komplekslərin isə əsaslı şəkildə yenidən qurulmasına böyük önəm verilir.
Azərbaycanda bütün sahələr kimi, idmanın inkişaf etdirilməsi də prioritet sahələrdən biri kimi dövlətin daim diqqət mərkəzindədir. Dünyada idman dövləti kimi tanınan ölkəmizdə ən müasir standartlara cavab verən yeni idman komplekslərinin və müasir infrastrukturun yaradılması istiqamətində ardıcıl işlər görülür. 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi şəkildə hazırlaşan ölkəmizdə mükəmməl infrastruktur obyektlərinin inşası ilə yanaşı, mövcud idman komplekslərinin əsaslı şəkildə yenidən qurulması işləri də diqqət mərkəzindədir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Heydər Əliyev adına İdman-Konsert Kompleksinin ən müasir standartlara uyğun şəkildə yenidən qurulması layihəsinin icrasına başlanılmışdır.
Dövlətimizin başçısı bu idman-konsert qurğusunda görüləcək işlərlə tanış olmaq üçün Kompleksə gəldi.
Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə görüləcək işlərlə bağlı məlumat verdi.
Dövlətimizin başçısı Komplekslə yanaşı, ətraf ərazilərdə abadlıq işlərinin aparılması ilə bağlı tapşırıqlar verdi.
Sonra Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arenasında, müxtəlif məşq zallarında və binanın fasadında aparılacaq təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış oldu. Bildirildi ki, kompleksin bütün sahələrində, o cümlədən əsas və məşq korpuslarında, müxtəlif idman zallarında əsaslı təmir və bərpa işlərinə başlanılması üçün hazırlıq işləri yeni layihəyə uyğun olaraq artıq başa çatdırılmışdır. Kompleksdə yeni işıqlandırma, yanğından mühafizə və təhlükəsizlik, eyni zamanda, videomüşahidə və xəbərdarlıq sistemlərinin və müasir liftlərin quraşdırılması üçün işlər davam etdirilir. Kompleks yeni və sürətli internet şəbəkəsinə qoşulacaqdır. Binada ən müasir tələblərə cavab verən havalandırma sistemi artıq quraşdırılmışdır.
Dövlətimizin başçısı təmir və yenidənqurma işlərinin aparılacağı ayrı-ayrı sahələri gəzdi, işlərin yüksək keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.
Sonra Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanındakı parka gəldi.
Dövlətimizin başçısı parkın yenidən qurulması, burada abadlıq və quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı da göstərişlər verdi.
Trend.az