Azərbaycan ilə Türkiyə arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilmişdir
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun martın 4-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşdur.
AzərTAc-ın baş direktoru Aslan Aslanov görüşdə ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik tarixə malik qardaşlıq əlaqələrindən danışmış, bu münasibətlərin inkişafında milli xəbər agentliklərinin rolunu vurğulamışdır.
Səfirə AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi barədə ətraflı məlumat verilmişdir. AzərTAc ilə Türkiyənin Anadolu Agentliyi arasında yaxın əlaqələrin olduğunu söyləyən baş direktor hər iki qurumun nüfuzlu beynəlxalq informasiya təşkilatlarında uğurla əməkdaşlıq etdiyini də diqqətə çatdırmışdır. Beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun – Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda AzərTAc-ın ev sahibliyi ilə keçirilməsi barədə qərarların qəbulunda Anadolu Agentliyinin dəstəyi xüsusi vurğulanmışdır. Həmçinin agentliklərimizin uğurlu əməkdaşlığının türkdilli xalqlar arasında mətbuat sahəsində işbirliyinin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilmişdir.
Türkiyənin və Azərbaycanın hər zaman bir-birinin yanında olduğunu deyən səfir İsmayıl Alper Coşqun ölkəmizin sürətli inkişafından məmnunluq duyduğunu bildirmişdir. Əməkdaşlığın bütün sahələrdə dinamik inkişafından danışan diplomat Azərbaycanın artıq Türkiyəyə ən çox xarici sərmayə yatıran ölkəyə çevrildiyini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və digər layihələr ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin inkişafının bariz nümunəsidir.
Azərbaycan və Türkiyə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyini qeyd edən İsmayıl Alper Coşqun milli xəbər agentliklərimiz arasındakı sıx əməkdaşlığın bu baxımdan mühüm rol oynadığını diqqətə çatdırmışdır.
Görüşdə qardaş ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
AzərTac.az