May ayında Bakıda AŞPA Bürosu və Daimi Komitəsinin iclasları keçiriləcək
Mayın 22-23-də Bakıda Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək.
APA-nın AŞPA mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Büronun iclası mayın 22-nə, Daimi Komitənin iclası isə 23-nə planlaşdırılıb.
Qeyd edək ki, bu həftə – martın 6-7-də Parisdə hər iki qurumun toplantıları olacaq. Büroda AŞPA-nın 7-11 apreldə keçiriləcək yaz sessiyasının gündəliyinin layihəsi və baş katib seçkisi proseduru ilə bağlı məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, Azərbaycan mayın 14-dən noyabra qədər AŞ Nazirlər Komitəsinə sədrlik edəcək.
Apa.az