Böyük Britaniyanın Kembric Universitetində Azərbaycan tədqiqat qrupu yaradılmışdır

Posted by

Böyük Britaniyanın Kembric Universitetində Azərbaycan tədqiqat qrupu yaradılmışdır

Böyük Britaniyanın Kembric Universitetində Azərbaycan tədqiqat qrupu yaradılmışdır

Böyük Britaniyanın Kembric Universitetində Azərbaycan tədqiqat qrupu yaradılmışdır

Böyük Britaniyanın Kembric Universitetində Azərbaycan tədqiqat qrupunun açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov və amerikalı tədqiqatçı, Rusiya və Avrasiya bölgələri üzrə ekspert Paul A. Goble “Dünya yol ayrıcında: Azərbaycan və Qafqazın geosiyasəti” mövzusunda məruzə ilə çıxış etmişlər.

Əvvəlcə Kembric Universitetində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin sədri Murad İsamyılov tədqiqat qrupunun fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, qrup mütəmadi olaraq ölkəmizlə bağlı elmi konfranslar və tədbirlər keçirməyi planlaşdırır.

Səfir F.Qurbanov dünyanın ən nüfuzlu və məşhur ali təhsil müəssisələrindən birində Azərbaycan tədqiqat qrupunun fəaliyyətə başlamasını yüksək qiymətləndirmişdir.

F. Qurbanov tarixə nəzər salaraq ölkələrimiz arasındakı münasibətlərin əsasının 1994 və 1998-ci illərdə ümummilli lider Heydər Əliyevin Birləşmiş Krallığa rəsmi səfərləri ilə qoyulduğunu bildirmişdir. Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin 2004, 2009 və 2012-ci illərdə bu ölkəyə rəsmi səfərləri isə ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsinə təkan vermişdir. 2013-cü ilin sonlarında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Briləşmiş Krallığa və həmkarı Uilyam Heyqin ölkəmizə qarşılıqlı səfərləri son dövrlərdə əhəmiyyətli səfərlər olmuşlar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan F.Qurbanov qeyd etmişdir ki, məsələnin həllinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin olmasına, digər beynəlxalq təşkilatların və institutların tutduğu ədalətli mövqeyə baxmayaraq, Azərbaycan torpaqları hələ də işğal atındadır. Birləşmiş Krallığın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və məsələnin ATƏT-in Minsk qrupunun həmsədrlərinin səyləri nəticəsində tezliklə həllinin tapamasına dəstək verdiyi bildirilmişdir.

Mədəni və humanitar əlaqələrin inkişafından söz açan azərbaycanlı diplomat Birləşmiş Krallıqda fəaliyyət göstərən diaspora təşkilatlarımızın, o cümlədən Avropa Azərbaycan, İngiltərə-Azərbaycan Cəmiyyətləri, müxtəlif universitetlərdə fəaliyyət göstərən tələbə cəmiyyətləri və “Azərbaycan Evi”nin bu sahədə gördüyü işlərin təqdirə layiq olduğunu vurğulamışdır.

İqtisadi əməkdaşlığımızdan bəhs edən səfir, xüsusilə Avropanın enerji təhlükəsizliyi sahəsində əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Bildirilmişdir ki, hər iki ölkə beynəlxalq səviyyədə ortaq maraqlara sahibdir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra bp aparıcı neft şirkəti kimi Azərbaycanda fəaliyyətini davam etdirir. 2011-ci ildə Britaniya 501 milyon ABŞ dolları məbləğində ticarət dövriyyəsi ilə Azərbaycanın dünyada 15-ci, Avropada isə 4-cü ən böyük ticarət tərəfdaşı olmuşdur.

Azərbaycanda neftlə yanaşı qeyri-neft sektorunun da inkişafı haqqında məlumat verən diplomat, 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan edildiyini diqqətə çatdırmışdır.

Təhsil, ticarət və başqa bir çox sahələrdə inkişaf edən münasibətlərimizdən danışan F.Qurbanov, iki ölkə arasındakı münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

Paul A. Goble Cənubi Qafqaz o cümlədən Azərbaycanın beynəlxalq müstəvidə əhəmiyyətindən danışmışdır. Tədqiqatçı, Azərbaycanın Qafqazın təhlükəsizliyində və sabitliyində vacib ölkə olduğunu bildirmişdir. Həm Avropa İttifaqı (Aİ), həm də Birləşmiş Krallıq ilə ikitərəfli əlaqələrin inkişafının əhəmiyyətli olduğunu vurğulayan P.A.Goble Azərbaycanın qısa zaman ərzində çox böyük və uğurlu inkişaf yol qət etdiyini diqqətə çatdırmışdır. Azərbaycan Diplomatik Akademiyasında işlədiyi müddətdə ölkəmiz haqqında kifayət qədər tədqiqat aparmaq fürsəti əldə etdiyini bildirən P.A.Goble Azərbaycanın inkişaf səviyyəsinin Avropa standartları səviyyəsində olduğunu qeyd etmişdir. Aİ ilə əməkdaşlığın daha da gücləndirilməsi üçün Azərbaycanın kifayət qədər potensialının olduğu bildirilmişdir. Kənd təsərrüfatı, təhsil, ticarət sahələrində ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran tədqiqatçı, digər sahələrdə də əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə etmişdir.

Azərbaycan hökumətinin diplomatik sahədəki uğurlarına toxunan tədqiqatçı, “ictimai diplomatiya”-xüsusilə ölkəmiz həqiqətlərinin, 20 yanvar və Xocalı faciələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması işindəki nailiyyətlərinin təqdirə layiq olduğunu vurğulamışdır.

P.A.Goble çıxışında Azərbaycanın Sovet İttifaqı və müstəqillik dövrlərindəki inkişafı arasında müqayisələr aparmış, hər iki dövrdəki uğurları haqqında iştirakçılara məlumat vermişdir.

Sonda çıxışçılar iştirakçıların suallarını cavablandırmışlar.

Mərasimdən sonra qəbul təşkil edilmişdir.

 

AzərTac.az