Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilmişdir
Qazaxıstan Respublikası Manqistau vilayətinin akimi Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində fevralın 28-də Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilmişdir.
AzərTAc xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən biznes forumda rəsmi şəxslərlə yanaşı, neft və qida emalı, kimya sənayesi, energetika, logistika və digər sahələrdə fəaliyyət göstərən 70-dən çox iş adamı iştirak etmişdir.
Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev çıxış edərək Azərbaycanın Qazaxıstanla ikitərəfli əməkdaşlığa böyük önəm verdiyini, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu vurğulamışdır. Bildirilmişdir ki, bu məqsədlə geniş müqavilə-hüquq bazası yaradılmışdır. Əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlər, Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti mühüm rol oynayır. İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin də xüsusi önəmini qeyd edən Samir Vəliyev bugünkü biznes forumun yeni əməkdaşlıq imkanlarının yaranmasına, mövcud əlaqələrin və ticarət əməkdaşlığının genişlənməsinə töhfə verəcəyini demişdir.
Qazaxıstan Respublikası Manqistau vilayətinin akimi Alik Aydarbayev vilayət iqtisadiyyatının müxtəlif sahələrinə dair məlumat vermişdir. Bildirilmişdir ki, Qazaxıstan ilə Azərbaycanın regionları arasında uğurlu əməkdaşlıq aparılır və əlaqələrin genişlənməsi üçün böyük potensial vardır. A.Aydarbayev Azərbaycan sahibkarlarını Manqistau vilayətində iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yatırmağa dəvət etmiş, yaradılan Logistik Mərkəzin iş adamları arasında əlaqələrin daha da genişləndirilməsində əhəmiyyətli olacağını vurğulamışdır.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov, Qazaxıstanın sənaye-innovasiya inkişafı idarəsinin nümayəndəsi Jenisbek Saqındıkov, həmçinin Sumqayıt Kimya Sənaye Parkının, “ASKİ-Manqistau”, “GMOOS”, “KazAzot” şirkətlərinin nümayəndələri təmsil etdikləri qurumların fəaliyyətinə dair təqdimatlarla çıxış etmişlər.
Sonra iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.
AzərTAc.az