İtaliya, Litva və Gürcüstanda Xocalı faciəsi ilə bağlı aksiyalar keçirilib
Dünən İtaliyanın paytaxtı Romada Azərbaycan-İtaliya Gənclər Assosiasiyası (AİGA) tərəfindən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar aksiya keçirilib.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumundan APA-ya verilən xəbərə görə, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil edilmiş tədbirin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətləri İtaliya ictimaiyyətinə çatdırmaq olub. Spagna meydanında keçirilən aksiya zamanı yerli sakinlərə və turistlərə qırğın haqqında məlumat verilib. Tədbir çərçivəsində, həmçinin AİGA-nın fəalları, azərbaycanlı tələbələr və Romada yaşayan soydaşlarımız tərəfindən Xocalı soyqırımı ilə bağlı məlumatları əks etdirən bukletlər paylanıb.
Fevralın 25-də isə Litvanın Klaipeda şəhərində “Azəris“ cəmiyyətinin təşkilatçılığı ilə “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində dəyirmi masa keçirilib. Media nümayəndələri ilə yanaşı şəhərin yəhudi cəmiyyətinin sədri – Feleks Puzimski, Klaipeda dairəsi müsəlman təşkilatının sədri – Şamil Gumerov, Tatar cəmiyyətinin sədri – İlfir Gibadullin, Ukrayna cəmiyyətinin sədri – Leonid Trequb, Belorusiya cəmiyyətinin sədri – Nikolay Loqvin dəyirmi masada iştirak ediblər. Tədbirin əsas təşkilatçılarından olan Rəna Məmmədova, “Azəris“ Cəmiyyətinin sədri Əliağa Məmmədov Azərbaycan həqiqətlərinin Litvada yaşayan digər millətlərə daha ətraflı və bilgiləndirici şəkildə çatdırmaq yolunda öz səylərini göstərdiklərini bildiriblər. Qarabağ hadisələrinin şahidi olan və Litvada təhsil alan əslən bu bölgədən olan Sevinc Məhərrəmova öz yaxınlarının başına gətirilən faciələrdən söz açıb. Sonra tədbir Xocalı həqiqətlərini əks etdirən videoçarxla davam etdirilib. Fevralın 26-da isə Litvanın Kaunas şəhərində burada təhsil alan azərbaycanlı tələbələr tərəfindən “Justice for Khojaly” adlı aksiya keçirilib. Aksiya zamanı tələbələr Xocalı soyqırımı faktlarını özündə əks etdirən Litva və İngilis dillərində çap olunmuş bröşür və qolbaqları Litva ictimaiyyətinə, əsasən, xarici və yerli tələbələrə paylayıblar. Ümumilikdə, aksiya zamanı 300-ə yaxın insan bu soyqırımı haqqında məlumat əldə edə bilib.
Fevralın 26-sında kampaniya çərçivəsində, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Gənclər şöbəsi tərəfindən Tiflisdə “Geo Visions” təşkilatının ofisində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbirdə gürcü və azərbaycanlı gənclər iştirak edərək faciə haqqında ətraflı məlumat alıb, “Xocalı soyqırımı” adlı sənədli filmi seyr ediblər. Eyni gün Tiflisin mərkəzi küçələrində yürüş təşkil olunub, informasiya bukletləri yerli sakinlərə və şəhərin xarici qonaqlarına paylanılıb. Aksiyalar eyni zamanda Gürcüstanın digər bölgələrində əsasən gürcülərin yaşadıqları şəhər və kəndlərində davam etdirilib.
“Xocalıya ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının yaradılması təşəbbüsü 2008-ci il mayın 8-də, Şuşanın işğalının ildönümü günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülüb. Faciənin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönələn bu kampaniya hazırda dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilməkdədir.
Apa.az