Koreya dilində “Khojaly Genocide” adlı kitabçalar çap edilib
Azərbaycanın Koreya Respublikasındakı səfirliyi tərəfindən Xocalı soyqırımı haqqında Koreya dilində “Khojaly Genocide” adlı kitabçalar çap edilib.
Trend Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, çap edilmiş kitabçalarda Ermənistan-Azərbaycan münaqişəsinin tarixi haqqında bəhs olunur. Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər, onların amansızcasına qətlə yetirilməsi və bunun nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca olmaqla 613 dinc sakinin qətlə yetirildiyi, 1000 nəfərin yaralandığı, 1275 xocalının əsir və 150 xocalının itkin düşdüyü qeyd edilmişdir. Xocalı qətliamının Ermənistan-Azərbaycan münaqişəsinin ən qanlı səhifəsi olduğu vurğulanmışdır. Xocalı soyqırımı haqda dünya mediasında yayılmış məqalələr, şahidlərin ifadələri əks olunmuşdur.
Soyqırıma beynəlxalq aləm tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti, İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının təsis edildiyi barədə məlumat verilmişdir.
Həmçinin soyqırımı beynəlxalq səviyyədə tanıyan qərar və qətnamələr də kitabçalarda əks olunmuşdur.
Trend.az