Gəncədə Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər keçirilib
Amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 22 il zaman məsafəsi ayırır. Gəncə şəhərinin bütün təhsil, səhiyyə, mədəniyyət, digər müəssisə və təşkilatlarında Xocalı faciəsi ilə bağlı anım mərasimləri keçirilir.
25 fevral 2014-cü il tarixdə Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə YAP Gəncə şəhər Təşkilatının Qərargahında Xocalı Soyqırımına həsr olunmuş yığıncaq keçirilib.
İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbiri açaraq bildirib ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.
Tədbir iştirakçıları Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İcra başçısı Elmar Vəliyev sözünə davam edərək bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.
Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Azad Bayramov, Azərbaycan Texnologiya Universitetinin baş müəllimi Rauf Hacıyev, Gəncə Dövlət Universitetinin dekanı, professor Həsənbala Sadıqov və başqaları çıxış edərək, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunacağı, işğal olunan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını, tarixçilərin, tədqiqatçıların, gənclərin üzərinə bu istiqamətdə məsuliyyətli və vacib vəzifələrin düşdüyünü bildiriblər.
YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin fəalları bəşəriyyətə qarşı yönəldilmiş amansız cinayət – Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə tariximizin qan yaddaşına bir daha nəzər salıblar.
Xocalı sakini, hazırda Goranboy royonunun qaçqın və məcburi köçkünlər üçün salınmış şəhərciyində məskunlaşan Gəncə Dövlət Üniversitetinin II kurs tələbəsi Şəmsi Həsənli çıxış edərək bildirib ki, 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə amansız cinayətə rəvac vermiş ermənilər qəddar və qaniçən millət olduqlarını bir daha təsdiq etdilər. Məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olub, erməni terrorizmi dünyanı bu yolla “ram etməyə” çalışıb. Lakin hiyləgər və məkrli düşmən bu yolla istəyinə nail ola bilmədi, Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmadılar, sonadək vuruşaraq, Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər. Bu gün xocalılar ölkəmizin müxtəlif bölgələrində məskunlaşıblar, amma hər birimizin məqsədi, arzusu doğma torpaqlarımıza, Xocalıya qayıtmaq, işğal olunmuş torpaqlarımızı azad etməkdir. Yaxın vaxtlarda arzumuzun çin olacağına əminik.
O, gəncləri ərazi bütövlüyümüzün bərpa edilməsi və torpaqlarımızın erməni işğalından azad olunması naminə sıx birliyə, həmrəyliyə, sosial şəbəkələrdə fəallıqlarını daha da genişləndirməyə çağırıb.
Sonda Xocalı faciələrini əks etdirən “Dolu” filmi nümayiş etdirilib.
Qeyd edək ki, Gənclər Birliyi “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş və ermənilərin qanlı terror aktının nəticələrindən bəhs edən sosial çarx hazırlayıb. “Xocalı 1 km” adlanan bu filmin rejissoru və montajçısı Rəhman Fürqətoğludur. Film Gənclər Birliyinin könüllülərinin təşəbbüsü ilə təşkil olunub.
Həmin gün YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurası Xocalı soyqırımı ilə bağlı dəyirmi masa təşkil edib.
Öncə Xocalı faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə ermənilərin iki əsrdən artıqdır ki, həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasətinin faciəli nəticələrindən, Xocalıda əliyalın dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən söhbət açıb.
Sonda Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib.
Fevralın 25-də AzMİ Gəncə filialında Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, rektor əvəzi Razim Məmmədov, Tələbə-Gənclər Təşkilatlarının sədrləri, müəllimlər və fəal gənclər iştirak ediblər.
Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə filialın tələbəsi Rəminə Əlizadə Xocalıya həsr edilmiş şeiri ilə çıxış edib. Sonra isə kiçik səhnəciklərlə Xocalı faciəsi tədbir iştirakçılarına təqdim olunub.
Tədbir çərçivəsində videoçarx nümayiş olunub və filialın tələbəsi Sübhi İlyasov ingilis dilində Xocalı faciəsi ilə bağlı çıxış edib.
Azərbaycan Texnologiya Universitetində də Xocalı qurbanlarının əziz xatirəsi yad edilib. Öncə professor, müəllim və tələbə kollektivi universitetin həyətində ərazi bütövlüyümüz uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidə kompleksin önünə gül-çiçək dəstələri qoyublar. Tədbirdə universitetin rektoru, professor Akif Süleymanov, müəllimlər və tələbələr iştirak ediblər.
Xocalı faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov soyqırımla bağlı çıxış edərək, Xocalı soyqırımının əvvəlcədən düşünülmüş şəkildə, azərbaycanlıların milli-etnik əlamətlərinə görə kütləvi surətdə məhv edilməsi məqsədi ilə həyata keçirildiyini deyib.
Tədbirdə universitetin tələbələri Türkan Əliyeva, Kənan Quliyev, Aytəkin Allahyarova, Vüsal Hüseynli, Turanə Həsənova çıxış ediblər.
Trend.az