Hacıvar-Vayxır-Sirab avtomobil yolu istifadəyə verilmişdir

Posted by

Hacıvar-Vayxır-Sirab avtomobil yolu istifadəyə verilmişdir

 

Hacıvar-Vayxır-Sirab avtomobil yolu istifadəyə verilmişdir

Hacıvar-Vayxır-Sirab avtomobil yolu istifadəyə verilmişdir

 

Hər bir bölgənin inkişafını müəyyən edən əsas göstəricilərdən biri də yol tikintisidir. Bu gün Naxçıvan Muxtar Respublikasında geniş vüsət alan yol-nəqliyyat infrastrukturunun yeniləşdirilməsi tədbirləri də sosial-iqtisadi inkişafın mühüm istiqamətini təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: “Yol tikintisi inkişaf, insanların normal, rahat yaşaması üçün əsasdır. Harada ki, yol tikilir, orada inkişaf vardır. Ona görə bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən Naxçıvanda bu proses sürətlə gedir və həll olunur”.

Fevralın 14-də Hacıvar-Vayxır-Sirab avtomobil yolu istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ali Məclisin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Kültəpə kənd sakini Firudun Zamanov çıxış edərək demişdir ki, Babək rayonunun kəndlərini əhatə edən avtomobil yolunun istifadəyə verilməsi sakinlərin böyük sevincinə səbəb olmuşdur. Müasir tələblər səviyyəsində qurulan yolda nəqliyyatın təhlükəsiz hərəkəti təmin edilmişdir. Bu da insan rahatlığının əsas şərtlərindən biridir. Yeni yol təkcə Babək rayonunun deyil, ümumilikdə muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir. Firudun Zamanov yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hacıvar-Vayxır-Sirab avtomobil yolunun istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını və yoldan istifadə edən sakinləri təbrik edərək demişdir: Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 5 mart tarixli Sərəncamına əsasən Hacıvar-Vayxır-Sirab avtomobil yolunun tikintisinə 6,3 milyon manat vəsait ayrılmışdır. Sərəncamın icrası nəticəsində 18 min əhalinin yaşadığı 13 kəndi əhatə edən və ümumi uzunluğu 26 kilometr olan yolda tikinti işləri keyfiyyətlə aparılmış və bir il müddətində başa çatdırılmışdır.

Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir” fikrini xatırladaraq demişdir: Yolların abadlığı insanların rahatlığı, sakinlərin rifahının yüksəlməsi deməkdir. Çünki rahat yolda nəqliyyat vasitələri uzun müddət istismar olunur, insanlar mənzil başına daha tez və təhlükəsiz çatırlar. Eyni zamanda, kənd yollarının müasir şəkildə qurulması istehsal olunan məhsulların rahat şəkildə bazara çıxarılmasına imkan verir. Bütün bunlar isə ailə büdcəsinə qənaət edilməsi ilə yanaşı, həm də iqtisadiyyatın inkişafı deməkdir.

“Yol tikintisi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin və vətəndaşlarına göstərdiyi qayğının təzahürüdür”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün muxtar respublikada yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi yaşayış məntəqələri arasında əlaqələrin daha səmərəli qurulmasına səbəb olmuşdur. Hacıvar-Vayxır-Sirab avtomobil yolu da avtomobillərin Naxçıvan şəhərinə daxil olmadan Şahbuz-Culfa-Ordubad və əks istiqamətdə 12 kilometr məsafəyə qənaət etməklə rahat hərəkətinə imkan verəcəkdir. Qeyd olunmuşdur ki, yeni yolların tikilməsi həm də kəndlərin abadlaşması və inkişafı ilə nəticələnir. Hacıvar-Vayxır-Sirab avtomobil yolunun keçdiyi kəndlərdə də geniş abadlıq işləri aparılmış, metal çəpərlər çəkilmiş, hasarlar hörülmüş, həyət qapıları dəyişdirilmişdir.

Ali Məclisin Sədri bundan sonra da muxtar respublikada yol tikintisinin davam etdiriləcəyini bildirmiş, sakinlərin yeni yoldan səmərəli istifadə edəcəklərinə əminliyini ifadə etmiş, rəmzi açılışı bildirən lenti kəsmişdir.

Bildirilmişdir ki, tikinti işləri zamanı yol yatağı genişləndirilmiş, hərəkət hissəsinin eni 8 metrə çatdırılmış, yola yeni asfalt örtük salınmışdır. Muxtar respublikada reallaşdırılan mühüm infrastruktur layihələrindən biri olan Hacıvar-Vayxır-Sirab avtomobil yolunun üzərində 2 körpü, 2 beton-selötürücü və 170 su keçidi inşa edilmişdir. Tikinti işləri aparılarkən mühəndis-texniki tələblərə tam əməl edilmiş, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün siqnal dirəkləri quraşdırılmış və avtomobil yolu hərəkət nişanları ilə təmin edilmişdir.

Sonra Ali Məclisin Sədri Naxçıvançay üzərində inşa olunan və Hacıvar-Vayxır-Sirab avtomobil yolunu Naxçıvan-Şahbuz-Batabat magistralı ilə birləşdirən yeni körpüyə baxmışdır.

Məlumat verilmişdir ki, ərazidəki köhnə körpü tələbatı ödəmirdi. Yolun tikintisi zamanı bu problem öz həllini tapmış, Naxçıvançayın üzərində yeni körpü tikilmişdir. Uzunluğu 36 poqonmetr olan körpünün eni 12 metrdir. Suyun istiqamətləndirilməsi və yuyulmanın qarşısının alınması üçün körpünün ətrafında istinad divarları və dəmir-beton dayaqlar inşa edilmişdir.

Ali Məclisin Sədri yola yüksək texniki qulluq göstərilməsi, eləcə də Naxçıvançay yatağında istiqamətləndirici bəndlərin salınması barədə tapşırıqlar vermişdir.

 

AzərTAc.az