Avronest Parlament Assambleyasının iclasında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolundan danışılmışdır
Avronest Parlament Assambleyasının siyasi komitəsinin iclasında müzakirə mövzularından biri də enerji təhlükəsizliyi məsələsi olmuşdur.
İclasda Avropa Fotoelektrik Sənaye Assosiasiyasının siyasi məsələlər üzrə direktoru Frok Ties və Avropa Külək Enerjisi Assosiasiyasının nümayəndəsi Pyer Tardyö “Avropada 2030-cu il bərpa olunan enerji inkişafı” mövzusunda təqdimat keçirmişlər.
Təqdimat və müzakirələr zamanı Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələrində bərpa olunan enerji sənayesinin inkişaf perspektivlərindən danışılmışdır.
Avropa Komissiyasının enerji baş direktorluğunun rəhbərinin müavini Fabrisio Barbaso isə 2015-ci il Riqa sammitinə qədər Şərq tərəfdaşlığı çərçivəsində əməkdaşlıq perspektivlərindən bəhs etmişdir.
O, enerji təhlükəsizliyinin həm Avropa İttifaqı, həm də Şərq tərəfdaşlığı ölkələri üçün regional əməkdaşlığın ən vacib aspektlərindən biri kimi özünü təsdiqlədiyini söyləmişdir.
F.Barbaso 2014-cü ilin enerji siyasəti baxımından çox vacib il olacağını, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasının Avropanın enerji təhlükəsizliyində yeni mərhələ kimi qəbul edildiyini vurğulamışdır.
Müzakirələr zamanı ətraf mühitin mühafizəsi və enerji maraqları arasında balansın qorunmasının vacibliyi də qeyd edilmişdir.
Milli Məclisin deputatı Fuad Muradov “Cənub” qaz dəhlizinin Azərbaycanın enerji siyasəti üçün prioritet məsələ olduğunu söyləmiş, TAP, TANAP layihələrinin bu dəhlizin bir hissəsi kimi əhəmiyyətindən danışmışdır. Deputat bu layihələrin həm də enerji resurslarının şaxələndirilməsi baxımından önəmini vurğulamışdır.
Avropa Parlamentinin Çexiyadan olan deputatı Miloslav Ransdorf Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki vacib rolundan söhbət açmışdır. O demişdir ki, vaxtilə Azərbaycan nefti olmasaydı bəlkə də İkinci Dünya müharibəsində qələbə qazanılmazdı.
AzərTac.az