Ukraynada fevral “Xocalı ayı” elan olunub
Ukrayna Azərbaycanlı Gənclər Birliynin (UAGB), Dağlıq Qarabağın Azərbaycanlı İcmasının, Ümumukrayna Gənclər Assambleyasının və ASAİF təşkilatının birgə təşəbbüsü ilə Ukraynada fevral ayı “Xocalı ayı” elan olunub.
UAGB-dan Trend-ə daxil olan məlumata görə, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin bununla bağlı keçirdiyi toplantıda Ukraynanın bir sıra yerlı gənclər təşkilatları da “Xocalıya Ədalət” kampaniyasına qatıldıqlarını elan ediblər.
Toplantıda UAGB-nin sədri Anar Tahirov 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində “Xocalıya Ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin 22 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri soyqrım siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynadığını bildirib. Bu istiqamətdə dünyanın müxtəlif ölkələrində olduğu kimi, Ukraynada yaşayan azərbaycanlı gənclərin də üzərinə böyük məsuliyyətin düşdüyünü nəzərə çatdırıb.
Ötən 3 il İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ukraynada fevral ayının “Xocalı ayı” elan olunmasının əhəmiyyətindən danışan birliyin həmtəsisçiləri Cavid Hüseynzadə, İlhamə Allahverdiyeva və UAGB-nin fəalları Oksana Əliyeva, Elməddin Zərbəlizadə, Kiyev şəhərində fəaliyyət göstərən Azərbayacan Mədəniyyət Mərkəzinin rəhbəri Rafiq Novruzov ənənəyə uyğun olaraq bu il də “Xocalı ayı” çərçivəsində Ukraynanın bir sıra vilayət və şəhərlərində silsilə tədbirlərin keçiriləcəyini vurğulayıblar.
“Xocalı soyqırımı adi bir faciə deyil. Bu, insanlığa qarşı törədilmiş bəşəri cinayət və əsl soyqırım siyasətidir”. Toplatıda çıxışlarını bu notlar üzərində quran Ukrayna Gənclər Assambleyasının sədr müavini Andrey Şelepniçkiy Xocalı soyqrımının Ukrayna ictimaiyyətinə çatdırılması üçün təmsil etdiyi təşkilatın “Xocalıya Ədalət” kampaniyasına qoşulduğunu elan edib.
Toplantıda tədbirlər planına əsasən, Ukraynanın bir sıra vilayət və şəhərlərinin mərkəzi meydanlarında “Xocalıya Ədalət” yürüşlərinin keçirilməsi, Xocalı soyqırımını özündə əks etdirən foto-informasiya bukletlərinin paylanması, adıçəkilən şəhərlərdə anım mərasimlərinin təşkil olunması və Xocalı faciəsi haqqında elmi praktiki seminarların keçirilməsi, ATƏT-in və BMT-nin Ukrayna nümayəndəliklərinin qarşısında etiraz aksiyasının keçirilməsi və adıçəkilən beynəlxalq qurumlara hazırlanmış qətnamələrin təqdim olunması məsələləri geniş müzakirə edilərək yekdilliklə təsdiq olunub.
Trend.az