Azərbaycanın telekommunikasiya peyki – orbitdə 1 il

Posted by

Azərbaycanın telekommunikasiya peyki - orbitdə 1 il

 

Azərbaycanın telekommunikasiya peyki – orbitdə 1 il

Azərbaycanın telekommunikasiya peyki - orbitdə 1 il

 

Azərbaycanın “Azerspace/Africasat-1a” ilk telekommunikasiya peykinin orbitə buraxılmasından 1 il ötür.

Trend-in məlumatına görə, Azərbaycan 2013-cü il fevralın 8-dən beynəlxalq kosmik klubun üzvü olub. Azərbaycan MDB-də üçüncü, regionda isə birinci ölkədir ki, öz peyki var.

Peykin orbitə buraxılması ölkənin sosial-siyasi və iqtisadi sahələr daxil olmaqla müxtəlif sahələrdə əldə etdiyi uğurların təsdiqidir.

“Azerspace/Africasat-1a” telekommunikasiya peyki Fransanın “Arianespace” raketdaşıyıcısının köməyi ilə Qviana Kosmik Mərkəzindən (Kuru kosmodromu) həyata keçirilib. Peykin orbitdə istismar müddəti 15 ilədək təşkil edəcək.

“Azerspace/Africasat1a”-nın xidmət zonasına Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Şimali Afrika ölkələri daxildir.

Peykin orbitə çıxarılması Azərbaycanın kosmik sənaye ölkəsinə çevrilməsi üzrə perspektiv layihələrin həyata keçirilməsində ilk addım oldu. Milli peykin olması keyfiyyətli və etibarlı rabitə əlaqəsi yaratmağa, “VSATmultiservis” şəbəkələrinin yaradılmasını təmin etməyə, rəqəmsal teleradioyayım xidmətlərini və internet şəbəkəsinə çıxışı təqdim etməyə, həmçinin informasiya təhlükəsizliyini təmin etməyə və vahid informasiya məkanı formalaşdırmağa imkan verir.

Gələcəkdə “Azerspace/Africasat-1a” peykinin resursları Azərbaycan və Xəzər regionunun enerji resurslarını dünya bazarlarına tədarük etmək üçün istifadə edilən neft-qaz kəmərləri layihələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə tətbiq ediləcək.

“Azerspace/Africasat-1a” peykinin istismarından əldə edilən gəlir 420 milyon dollar səviyyəsində gözlənilir.

“Azerspace/Africasat-1a” peykinin orbitə buraxılması ilə qarşıdakı 15 il ərzində 650 milyon dollar gəlir əldə ediləcək.

2013-cü ilin 8 ayının yekunu üzrə (peykin kommersiya istismarı mayda başlayıb) I peyk proqramından əldə olunan gəlirlər 10 milyon dollar olub.

Hazırda “Azərkosmos” ASC peykin 50 faizdən çox resursunu reallaşdırıb. Peykin köməyi ilə 70-dən artıq televiziya və radiokanal yayımlanır.

Azərbaycanın gələcək planlarına “Azerspace-2” II telekommunikasiya peykinin orbitə buraxılması daxildir. II peykin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.

Azərbaycanın II peyk proqramı da kommersiya xarakteri daşıyacaq. Peyk rəqəmsal TV xidmətlərini təqdim etmək, məlumatların ötürülməsi, multiservis şəbəkələrinin yaradılması və s. üçün nəzərdə tutulub.

Yerin məsafədən zondlaşdırılması, kartoqrafik və geoloji araşdırmalar və digər işlər üçün peyklərin istifadəsi də önəmli məsələdir.

Azərbaycan 2015-ci ildə aşağıorbitli peyki orbitə buraxmağı planlaşdırır.

 

Trend.az