Strateji Araşdırmalar Mərkəzi ATƏT-in Akademik Şəbəkəsinə üzv qəbul edilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ATƏT-in Akademik Şəbəkəsinə üzv qəbul edilmişdir.
SAM-dan AzərTAc-a bildirilmişdir ki, qurumun xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Azad Qəribov 2013-cü ilin dekabr ayında Azərbaycan nümayəndə heyətinin tərkibində ATƏT Nazirlər Şurasının Kiyev sammitində iştirak etmiş və şəbəkənin əlaqələndiricisi Volfanq Zellnerlə görüşərək mərkəzin üzvlük perspektivlərini müzakirə etmişdir.
ATƏT-in Akademik Şəbəkəsi 2013-cü ilin iyun ayında ATƏT tərəfindən Vyanada təşkil olunmuş “Təhlükəsizlik günləri” sammiti çərçivəsində qurumun baş katibi Lamberto Zannierin təşəbbüsü ilə tanınmış beyin mərkəzlərinin görüşündə təsis edilmişdir.
Şəbəkənin əsas məqsədi ATƏT qarşısında duran əsas vəzifələr və çağırışlar barədə müzakirələr aparmaq, təşkilat çərçivəsində həyata keçirilən müzakirələri akademik cəhətdən dəstəkləməkdir.
Şəbəkə qarşısında duran ən önəmli vəzifələrdən biri də 2015-ci ilədək ATƏT daxilində islahatların aparılması və təşkilatın beynəlxalq miqyasda fəallığının təmin olunmasını nəzərdə tutan “Helsinki+40” prosesinə töhfə verilməsidir.
Şəbəkəyə ATƏT-ə üzv dövlətlərin aparıcı beyin mərkəzləri və tədqiqat institutlarının üzv olması nəzərdə tutulur. Hazırda şəbəkə üzvləri sırasında 27 ölkədən 30 beyin mərkəzi təmsil olunur.
AzərTac.az