Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının tərkibi yenidən formalaşıb, parlamentin iş planı təsdiqlənib
Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının tərkibi 2014-cü ilin yaz sessiyasında yenidən formalaşdırılıb.
Trend-in məlumatına görə, deputatlar əvvəlcə İntizam komissiyasının tərkibini yenidən müəyyənləşdiriblər.
Komissiyanın tərkibinə deputatlar Fəttah Heydərov, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Səyavuş Novruzov və Sədaqət Vəliyeva daxil ediliblər.
Daha sonra Hesablayıcı komissiyanın tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılıb. Komissiyaya deputatlar İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc və Mixail Zabelin daxil olub.
Prosedura uyğun olaraq hər iki komissiyanın sədri üzvlərin özləri tərəfindən öz aralarında seçiləcək.
Milli Məclisin yaz sessiyasının qanunvericilik iş planı da müzakirə edilərək qəbul olunub.
İş planı haqqında məlumat verən parlamentin spikeri Oqtay Əsədov bildirib ki, yaz sessiyasının gündəliyinə 12 məsələ daxil edilib. Onun sözlərinə görə, yaz sessiyası müddətində parlamentarilər Rəqabət Məcəlləsini, “Reklam haqqında”, “Dəniz limanları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında”, “Elm haqqında” qanun layihələrini müzakirə edəcəklər.
Spiker onu da əlavə edib ki, millət vəkilləri “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Akkreditasiya haqqında” qanun layihələrini, eləcə də əlavə olaraq bir sıra qanunlara əlavə və dəyişiklikləri, o cümlədən təşəbbüs qaydasında daxil olan qanun layihələrini də müzakirə edəcəklər.
Trend.az