Milli Məclisdə Suriyada döyüşən azərbaycanlılar barəsində cinayət işinin qaldırılması təklif edildi
Milli Məclisdə Suriyada döyüşən azərbaycanlılar barəsində cinayət işinin qaldırılması təklif edildi.
Trend-in məlumatına görə, Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında millət vəkili Zahid Oruc diqqəti azərbaycanlıların müxtəlif bəhanələr və din pərdəsi altında Suriyadakı münaqişəyə və hərbi əməliyyatlara cəlb edilməsinə yönəldərək qeyd edib ki, Azərbaycan müstəqilliyi ərzində ilk dəfədir ki, belə ciddi fakt qarşısında qalıb: “Söhbət hər hansı ad altında bu döyüşlərdə iştirak edən Azərbaycan vətəndaşlarından gedir. Bunu təşkil edən qüvvələr, onu həyata keçirənlər sanki dünya legionerləri kimi döyüşçüləri müxtəlif ölkələrdən yığırlar. Azərbaycan sükutla bu məsələnin üzərində keçə bilməz. Oradakılar döyüşlərdə sağ qalsalar, Azərbaycana dönəcəklər. Onlar əslində orada terror qruplarının tərkibindədirlər. Onlar artıq fərdi şəxslər deyillər. Bu şəbəkə sonrakı dövrdə də işləyəcək”.
Millət vəkilinin fikrincə, orada döyüşənlər fərdi olaraq təkcə öz ailələrinə zərbə vurmurlar. Onlar həyatlarını itirirlərsə, bu faciə təkcə onların ailləsində olmur, həm də onların adları terrorçu qruplarda olduğuna görə, bu, Azərbaycanın ayağına yazılır. Ona görə də buna biganə qalmaq olmaz: “Burada dini qruplar, ayrı-ayrı radikal dini təriqətlərin məsuliyyəti var. Mən təklif edirəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Suriyada döyüşən Azərbaycan vətəndaşları haqqında mütləq şəkildə cinayət işi qaldırsın. Bu məsələnin qarşısını ala biləcək mexanizm məhz cinayət işidir. Bu insanlar bilməlidirlər ki, onlar bura qəhrəman kimi dönməyəcəklər. Bura gəlib sonra orada görüdükləri dəhşətləri Azərbaycanda tətbiq etmək istəyəcəklər. Bu qüvvələrin yükünü çəkmək çox çətin olacaq. Belə insanlara din, humanizm, güzəşt mövqeyindən yanaşılmasını deyil, məhz qanun prinsipindən yanaşılmasını təklif edirəm. Bununla əlaqədar qanuna da mütləq dəyişiklik edilməlidir”.
Millət vəkili Fərəc Quliyev isə bildirib ki, bununla bağlı daha çox maarifləndirici, profilaktik tədbirlər görülməldiir. Televiziyalarda mənasız verilişlərin yerinə, hərbi-vətənpərvərlik, maarifləndirici verilişlər verilməli, insanlar arasında təbliğat aparılmalıdır: “Onların adlarını istər muzdlu, istər başqa şey qoysaq da, onlar Azərbaycanın vətəndaşlarıdırlar. Onlar haqqında cəza tədbirləri seçməkdənsə, onları öz “kisəmizə” qaytarmalıyıq”.
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib ki, bəzi qüvvələr son zamanlar internet səhifələrində Azərbaycana hədələyici bəyanatlarla çıxış edirlər. Onlar Azərbaycanda terror aktları törədəcəklərini bildirirlər. Həmin qüvvələrin arxasında konkret təşkilatlar və dövlətlər dayanırlar. Lakin onlar bilmirlər ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz. Artıq o dövr deyil. Azərbaycan çox güclü dövlətdir.
Məsələ ilə bağlı Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bu, çox ciddi məsələdir: “Lakin oradakı azərbaycanlıların hamısına terrorçu demək düzgün deyil. Ondan 2 dəfə çox Avropadan gələn nümayəndələr Azərbaycandakı döyüşlərdə iştirak ediblər. Onları terrorçu kimi damğalamaq olmaz. Bunun üzərində işləmək lazımdır. Bunlar muzdlu əsgərlərdir. Onların qarşısını almaq həqiqətən də çətindir. Bu məsələlərdə problemlər var”.
Spiker deyib ki, islam dini çox mütərəqqi dindir. O.Əsədovun fikrincə, internetdə açıq terrorizmə çağırış məsələlərinə baxmaq lazımdır.
Trend.az