Azərbaycanın bölgələrində dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsi üçün texniki baza yaradılır
Azərbaycanda Bakı ilə yanaşı, bölgələrdə də dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsi üçün texniki bazanın yaradılması üzərində iş gedir. Bunu Trend-ə eksklüziv açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib.
Komissiya sədrinin sözlərinə görə, ölkənin bölgələrində də dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsi mümkün olacaq və bunun üçün heç bir ciddi problem yoxdur: “Bunun üçün yalnız texniki bazanı yaratmaq lazımdır. Bu baza olan kimi, biz imtahanları Bakıda da idarə edib onların tam obyektiv və şəffaf keçirilməsini təmin edə biləcəyik”.
B.Xəlilov texniki məsələlərin təxmini nə vaxt həll olunacağı vaxtı da açıqlayıb: “Hesab edirik ki, həmin baza bu il yaradılacaq. İstəyirik ki, Rabitə və İnformasiya Texnologiyaları ilə birgə siniflər yaradaq. Bu istiqamətdə nazirliklə danışıqlar aparılacaq. Bu məsələ öz həllini tapdıqdan sonra bölgələrdə də dövlət qulluğuna qəbul imtahanlarını keçirə biləcəyik”.
Qeyd edək ki, hələ ötən il B.Xəlilov açıqlamalarının birində 2014-2015-ci illərdə vətəndaşların artıq Bakıya gəlmədən bölgələrdə də dövlət qulluğuna qəbul imtahanlarını verə biləcəyini demişdi.
Trend.az