ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilərin səylərindən məmnundur
ATƏT-ə sədrlik edən İsveçrənin Xarici İşlər Nazirliyi nazir, təşkilatın fəaliyyətdə olan sədri Didye Burkhalterin Minsk qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorliklə (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə Berndə keçirilən görüşünü müsbət qiymətləndirib. Bu barədə Trend-ə eklsklüziv olaraq İsveçrə Xarici İşlər Nazirliyindən məlumat verilib.
D.Burkhalter həmsədrlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik səylərindən məmnun qaldığını ifadə edib.
Qeyd edək ki, ATƏT sədri və Minsk qrupunun həmsədrləri yanvarın 14-də keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.
Görüş zamanı, həmçinin ATƏT-in fəaliyyətdə olan sədri və Minsk qrupunun həmsədrləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.