Bakıda ən çox yol-nəqliyyat hadisəsi baş verən prospektlər açıqlanıb

Posted by

Bakıda ən çox yol-nəqliyyat hadisəsi baş verən prospektlər açıqlanıb

Azərbaycan paytaxtı ərazisində ən çox yol-nəqliyyat hadisəsi baş verən prospektlərin adları açıqlanıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, 2013-cü ildə Bakı şəhərində 1011 yol qəzası baş verib. Nəticədə 342 nəfər ölüb, 1000 nəfər xəsarət alıb.

 

2012-ci illə müqayisədə 57 yol qəzası faktı və 126 xəsarət halı azalsa da, ölüm hallarının sayı 12 fakt artıb.

 

Baş verən yol qəzalarının əksəriyyəti sürücülərin surət həddini aşması və yolayrıcı keçmə qaydalarını pozma səbəbindən baş verib.

 

Ötən il baş verən hadisələrin əksəriyyəti həftənin birinci günü və şənbə- bazar günlərinin axşam saatlarında qeydə alınıb. Qəzaların əksəriyyəti saat 13.00 dan 18.00-a qədər və 20.00-dan 24.00-a qədər olan müddətlərə təsadüf edib.

 

Qəzaların 52.1%-i piyadaların vurulması ilə nəticələnib. Belə ki, ötən il piyadaların vurulması ilə nəticələnən 527 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 179 nəfər ölüb, 379 nəfər yaralanıb.

 

Qəzalar əsasən paytaxtın Heydər Əliyev, Nobel, Azadlıq, Qara Qarayev, Ziya Bünyadov prospektlərində qeydə alınıb.

 

2013-cü ildə paytaxtda nizamlanmayan yol ayrıclarından keçən 140 min piyada inzibati məsuliyyətə cəlb edilib. Avtomobili sərxoş halda idarə edən 2908 sürücü haqqında inzibati protokol tərtib olunub.

 

Keçən il ümumilikdə yol hərəkət qaydasını pozma faktı ilə bağlı 602 min 283 inzibati protokol tərtib edilib.