Azərbaycan yol polisi köhnə avtomobillərin utilizasiya edilməsini istəyir
Azərbaycanda köhnə avtomobillər utilizasiya edilməlidir. Bunun üçün Nazirlər Kabinetinin xüsusi qərarı olmalıdır. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Şöbə rəisi hesab edir ki, Azərbaycanda nəqliyyat parkının yenilənməsi vacibdir. Onun sözlərinə görə, lakin Azərbaycanda ölümlə nəticələnən yol qəzalarının, eləcə də havanın çirklənməsinin qarşısını almaq məqsədi ilə istismar müddəti bitmiş avtomobillərin istifadəsinin qadağan edilməsi üçün müvafiq qanunvericilik bazası yoxdur: “Azərbaycanda köhnə avtomobillər utilizasiya edilməlidir. İnsan ölümü ilə nəticələnən qəzaların əksəriyyəti məhz istismar müddəti bitmiş köhnə avtomobillərin iştirakı ilə baş verir. Bu gün yol polisi köhnə avtomobillərin istismarını qadağan edə bilmir. Onlar mexaniki cəhətdən saz olsalar da, avtomobilin köhnəlməsi, onun metalının zərbəyə davamlı olmaması qəza zamanı ölümü qaçılmaz edir. Təhlükəsizlik elementləri daha az olduğundan həmin avtomobillərin zərbəyə dözümü yoxdur və bu da qəzalarda insan ölümünün daha çox olmasına səbəb olur. Bunu müəyyən edən ölçü cihazının, qurğuların yoxluğu səbəbindən isə biz onların hərəkətini qadağan edə bilmirik. Qanunvericilikdə də heç bir müddəa yoxdur ki, məsələn, istismar müddəti 30 və ya 40 ildən yuxarı olan avtomobillərin istismarı qadağan olunsun. Bununla əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır”.
Kamran Əliyev qeyd edib ki, hələlik ölkəyə idxal olunan nəqliyyat vasitələrinin “Avro-3” standartlarına cavab verməsi ilə bağlı tələblər qoyulub. Ölkə daxilində istismar olunan nəqliyyat vasitələri ilə bağlı hər hansı qərar qəbul olunarsa, yol polisi ona uyğun hərəkət edəcək: “Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ildə iki dəfə reyd və ya aylıq şəklində tədbirlər həyata keçirir. Bundan başqa, Ekoloji Nəzarət Yol Patrul Xidməti Bölüyü tərəfindən bu cür nəqliyyat vasitələrinin aşkarlanaraq qarşısının alınması istiqamətində mütəmadi tədbirlər görülür. Bu istiqamətdə nəqliyyat vasitələrinin dövlət texniki baxışdan keçirilməsi şərtlərinin sərtləşdirilməsi də istisna edilmir”.