Azərbaycanın din xadimlərinin iştirakı ilə konfrans keçirilir
Trend-in məlumatına görə, konfrans oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlıdır.
QMİ Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev tədbiri açıq elan edərək bildirib ki, prezident seçkiləri Azərbaycan xalqının həyatında taleyüklü məsələdir: “Xalq öz taleyini kimə tapşırmağı düşünür, dindarlar da öz növbəsində istəyirlər ki, buna öz münasibətini bildirsinlər”.
V. Məmmədəliyev qeyd edib ki, son illər Azərbaycanın əldə etdiyi nailiyyətlər göz qabağındadır. O çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, inkişafının təməlinin qoyulmasında olan əvəzsiz xidmətlərindən bəhs edib. V.Məmmədəliyev daha sonra Prezident İlham Əliyevin son 10 ildə əldə etdiyi nailiyyətlərdən danışıb: “Azərbaycan çox böyük templə inkişaf edir. 150-dən artıq dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilib, neft sektorunun inkişafı, qeyri-neft sektorunun genişlənməsi, təhsil, səhiyyə sistemindəki inkişaf göz qabağındadır”.
Qeyd edək ki, konfransdan öncə Azərbaycan dindarları toplantısının iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra toplantı iştirakçıları Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüblər.