Ermənistanın Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal etməsindən 22 il ötür

Posted by

Ermənistanın Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal etməsindən 22 il ötürErmənistanın Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal etməsindən 22 il ötür

Ermənistanın Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal etməsindən 22 il ötür

Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 22 il ötür.

 

APA-nın məlumatına görə, Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.

 

Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.

 

Erməni işğalı altında olan Füzuli rayonu təbii sərvətlər baxımından çox zəngindir. Rayonda ümumi ehtiyatları 58858 min kvadrat metr olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kvadrat metr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kvadrat metr olan Quruçay qum-çınqıl qarışığı yataqları var.

 

Rayon ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.

 

1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, tabaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min m3/gün həcmində hesablanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb:

 

1. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb.

2. Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib.

3. Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb.

4. 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.

 

Bu gün Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından da 20 il ötür. Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

 

Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var. Cəbrayıldan olan 61100 məcburi köçkün 58 rayonda, daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb.

 

Zəngin yeraltı sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.

 

Rayonda yaşı 200-1600 olan 14 ədəd iri diametrli Şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu.

 

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.

 

2006-2007-ci illər ərzində erməni işğalçıları tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilib.

 

Apa.az