Elmar Məmmədyarov Lixtenşteyn parlamentinin sədri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Lixtenşteyn knyazlığı parlamentinin sədri Albert Frik ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Məmmədyarov bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edərək, Azərbaycan ilə Lixtenşteyn arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli zəminin olduğunu nəzərə çatdırıb.
A. Frik Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və möhtəşəm açılış və bağlanış mərasimlərinə görə Azərbaycanı təbrik edib. Avropa Oyunlarının bütün iştirakçılarına, o cümlədən Lixtenşteyndən olan idmançılara yaradılmış yüksək şəraitə görə təşəkkürünü ifadə edən qonaq Azərbaycanda dinamik inkişafın, sabitliyin və qonaqpərvərliyin şahidi olduğunu söyləyib.
E. Məmmədyarov Birinci Avropa Oyunlarının keçirilməsindən hər bir Azərbaycan vətəndaşının qürur hissi duyduğunu vurğulayaraq Avropa Oyunları standartlarının Azərbaycanda müəyyən olunduğunu deyib. Azərbaycanın enerji siyasəti və nəqliyyat, turizm, kənd-təsərrüfatı kimi qeyri-neft sektorlarının inkişafı barədə məlumat verən nazir iki ölkənin işgüzar dairələri arasında biznes forumlarının keçirilməsi və ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə haqqında danışan E. Məmmədyarov BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bir daha təsbit olunduğunu və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının tələb olunduğunu diqqətə çatdırıb. O əlavə edib ki, məhz Ermənistanın yürütdüyü təcavüzkar və işğalçı siyasət nəticəsində region üçün təhdid olan münaqişənin həllində irəliləyişə nail olunmur.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Apa.az