Dövlət Sosial Müdafiə Fondu dövlət qulluqçularının ən çox çalışdığı orqanlardandır
Dövlət qulluqçularının ən çox çalışdığı orqanlardan biri Dövlət Sosial Müdafiə Fondudur. Bu barədə DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumatda bildirilir.
İyunun 23-ü Azərbaycanda Dövlət qulluqçularının peşə bayramıdır. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis olunub və artıq onuncu ildir ki, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər.
Ölkəmizdə dövlət qulluqçularının ən çox çalışdığı orqanlardan biri də Dövlət Sosial Müdafiə Fondudur və onların arasında gənclər üstünlük təşkil edir. Fond dövlət qulluğu üçün kadrların müsabiqə və müsahibə əsasında seçilməsi sahəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq edir. Təkcə cari ilin may ayı ərzində vakant yerlər üzrə müsabiqənin test və müsahibə mərhələlərində uğur qazanan 68 gənc aidiyyatı vəzifələrə təyin olunub.
Fond gənc dövlət qulluqçularına dövlət idarəçilik təcrübəsinin öyrədilməsi və onların peşəkarlıq səviyyəsinin artırılması sahəsində ardıcıl işlər həyata keçirir.
Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 14 103 nəfərdir.
Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.
1 aprel 2015-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 14 103 nəfərdir. Onlardan 61,1 faizi yaşa görə, 25,9 faizi əlilliyə görə, 13 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği 486,1 manatdır.
Onu da bildirək ki, 2015-ci il aprel ayının 1-nə olan məlumata görə, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfərdir.
Trend.az