Azərbaycan ombudsmanının nümayəndəsi Riqada keçirilən beynəlxalq tədbirdə iştirak edib
Latviyanın paytaxtı Riqada Beynəlxalq Ombudsmanlar İnstitutunun, İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyanın və Latviya ombudsmanının birgə təşkilatçılığı ilə İşgəncələrin qarşısının alınması sahəsində Milli Preventiv Mexanizmlərin (MPM) mandatının həyata keçirilməsi mövzusunda treninq keçirilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının işgəncələrin qarşısının alınması şöbəsinin müdiri, ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) rəhbəri Rəşid Rumzadə tədbirdə iştirak edib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, 26 ölkənin MPQ rəhbərləri və üzvlərinin, o cümlədən Beynəlxalq Ombudsmanlar İnstitutu və İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyanın ekspertlərinin iştirak etdikləri treninqdə BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının fakültativ protokolunun tələblərindən irəli gələn məsələlər, fərqli və ixtisaslaşmış müəssisələr üzrə həyata keçirilən başçəkmələr və istinad edilən beynəlxalq standartlar, milli qanunvericilikdə islahatlar, hesabatlılıq, müxtəlif ölkələrin MPM qismində qazandıqları müsbət təcrübə, onların mövcud resursları və bu fəaliyyət çərçivəsində qarşılaşdıqları çətinliklər əsas müzakirə mövzusu olub.
Azərbaycan ombudsmanının nümayəndəsi ölkədə beynəlxalq standartların milli qanunvericiliyə implementasiyası sahəsində həyata keçirilən islahatlar, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, ombudsmanın MPM qismində bu proseslərdə iştirakı və həyata keçirdiyi fəaliyyət, hüquqi maarifləndirmə tədbirləri, həyata keçirilmiş təcrübə mübadilələri və s. haqqında məlumat verib.
MPM-in fəaliyyətinə dair hesabatların ingilis dilinə tərcümə olunmuş nüsxələri tədbir iştirakçılarına təqdim edilib. Treninqdə iştirak edən MPQ rəhbərləri və üzvləri, həmçinin beynəlxalq ekspertlər Azərbaycan ombudsmanının bu sahədəki fəaliyyətini yüksək dəyərləndiriblər.
AzərTac.az