Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etməyib

Posted by

Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etməyib

Bu gün Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclasında Bakıda keçiriləcək I Avropa Oyunları çərçivəsində “idman və insan hüquqları” mövzusunda şifahi dinləmələr keçirilib.

 

APA-nın Strasburqdakı müxbirinin verdiyi xəbərə görə, AP-nin bu həftəki sessiyası ərzində qurumun Yaşıllar qrupunun (Azad Avropa Alyansı) təşəbbüsü ilə irəli sürülmüş bu məsələyə dair xüsusi qətnamə qəbul edilməsi təklif olunsa da, səsvermə nəticəsində səslər tən yarıya bölündüyündən bu təklif keçərli olmayıb. Plenar iclasda sadəcə şifahi müzakirələr aparılmasına qərar verilib.

 

Azərbaycanla bağlı məsələdən əvvəl AP-də həmçinin “FİFA-da yüksək səviyyədə korrupsiya hallarının üzə çıxması” mövzusu ətrafında müzakirələr də aparılıb.

 

Müzakirələrdə çıxış edən AP-nin bir çox deputatı FİFA-ya tənqidlər yağdıraraq, bu təşkilatın korrupsiyaya uğradığını bildiriblər. Təşkilatda əsaslı islahatların aparılmasına, xüsusi monitorinq mexanizmlərinin yaradılmasına çağırıblar. Təşkilatda lazımi islahatların aparılmadığı təqdirdə Avropa Futbol Federasiyalarını bu qurumdan çıxmağa səsləyiblər.

Daha sonra I Avropa Oyunları çərçivəsində “idman və insan hüquqları” mövzusunda şifahi müzakirələr başlayıb.

 

Avropa Oyunlarından danışan bir neçə “boykotçu” AP deputatı çıxışlarında Azərbaycanda insan huquqları və demokratiyanın vəziyyətindən narahatlıqlarını ifadə ediblər. Gözlənildiyi kimi, bu müzakirələr zamanı da “Azərbaycanla bağlı tənqidi fikirlər üzrə ixtisaslaşmış” Ulrike Lunarçek danışıb.

 

Lakin onların fikri ilə razılaşmayanlar və Avropanın öz içindəki problemlərə baxmağa çağıran deputatlar da olub.

 

Deputatlar Boonanno Cyanluka, Boris Zala, xanım Gomesh Anna idmanın alət edilməsinə qarşı çıxıb, bu oyunları siyasiləşdirməməyə çağırıblar.

 

Onlar bildiriblər ki, Azərbaycanda insan huquqları və demokratiyanın vəziyyəti ilə bağlı mütəmadi olaraq Avropa Şurası ilə dialoqlar olur.

 

“Bu təşkilat Azərbaycanla bağlı mühüm işlər görür, dialoq aparır” deyə parlamentar Gomesh Anna bildirib.

 

Sloveniyalı deputat Boris Zala “siyasətlə idmanı bir-birinə qarışdırmağın özünün düzgün siyasət olmadığını” bildirib: “Böyük idman yarışlarını yalnız Avropanın köhnə demokratik ölkələrində keçirmək heç də idmanın və həmrəyliyin nümunəsi deyil”.

 

İtaliyalı deputat Buonanno Cyanluka isə Avropa ölkələrində də insan haqlarının yaxşı vəziyyətdə olmadığını, insanların təqib edildiklərini deyib: “Dünyada bir çox ölkələr var ki, orda hər gün insanlar qətlə yetirilir, azadlıqlar pozulur. Biz isə burda yalnız Azərbaycanı tənqid etməklə məşğuluq”.

 

Avropa İttifaqının Şurasının Latviya sədirliyi adından çıxış edən xanım Kalnina-Lukaşeviça Zanda Şura adından danışaraq, Azərbaycanın regionda mühüm rol oynadığını qeyd edib. O vurğulayıb ki, bu ölkədən uzaqlaşmaq deyil, əksinə, əməkdaşlığı dərinləşdirməyə ehtiyac var.

 

Xanım Zanda Azərbaycanın Ermənistanla münaqişə vəziyyətində olmasına baxmayaraq, oyunlara erməni idmançıların da dəvət olunmasını müsbət jest kimi qəbul etməyin vacibliyini vurğulayıb.

 

O bildirib ki, Şura “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanla əməkdaşlığı davam etdirir.

 

 

Apa.az