Səlim Müslümov: Azərbaycanda uşaq ölümü halları kəskin şəkildə azalıb
Azərbaycanda körpə və uşaq ölümü halları kəskin şəkildə azalıb. Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin Əhali Fondunun regional direktoru Zahidul Haqla görüşündə bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Ermənistan və Gürcüstan üzrə regional direktoru Zahidul Haqla görüş olub. Görüşdə BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Bruk da iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın makroiqtisadi inkişaf göstəricilərini diqqətə çatdırıb, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ölkəmizdə demoqrafiya və əhali sakinliyi sahəsində proseslərin müsbət yöndə inkişafına da şərait yaratdığını vurğulayıb: “Aparılan təhlillər sabit demoqrafik vəziyyətin hökm sürdüyü Azərbaycanda əhalinin 2005-2015-ci ilə qədər olan dövrdə 1 milyon 145 min 600 nəfər artdığını göstərir. Hazırda əhalinin sayının 9,6 milyondan çox olduğu respublikada əhalinin illik artım tempi 1,3 faiz təşkil edir və proqnoza əsasən 2025-ci ildə ölkəmizdə doğulanların sayının 205 300 nəfərə, əhalinin sayının 10 milyon 970 min 300 nəfərə çatacağı gözlənilir”.
Nazir həmçinin körpə və uşaq ölümü hallarının kəskin şəkildə azaldığını, doğulanda gözlənilən ömür uzunluğunun mütəmadi olaraq artdığını konkret göstəricilər əsasında nəzərə çatdırıb.
S.Müslümov BMT-nin Əhali Fondu ilə hələ 1994-cü ildən həyata keçirilən əməkdaşlıqdan bəhs edib, həmin il Qahirə konfransında qəbul olunmuş “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsiplərinin demoqrafiya və əhali sakinliyinin inkişafı ilə bağlı aparılan milli siyasətdə həmişə diqqətdə saxlandığını bildirib: “UNFPA ilə əməkdaşlıqda icra olunmuş proqramlar ölkədə müvafiq sahədə məsələlərin həllində, institisional bazanın təkmilləşdirilməsində, kadr potensialının yaradılması və inkişafında, maarifləndirmə işlərində və s. mühüm dəstək rolunu oynayıb.
Azərbaycanda 2015-2025-ci illəri əhatə edən növbəti «Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı» layihəsinin qiymətləndirilməsi işlərində də UNFPA-nın ekspert dəstəyini yüksək dəyərləndiririk. Bu layihədə qeyd olunan Fəaliyyət Proqramındakı vacib tezislər, eləcə də BMT-nin 2015-ci ildən sonrakı dövr üçün irəli sürdüyü siyasi prinsiplər, ölkənin milli strateji prioritetləri əhatə olunub”. Nazir həmin Proqram qəbul olunduqdan sonra onun icrası sahəsində də əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun olacağını qeyd edib.
Z.Haq Azərbaycanda əldə olunan sürətli tərəqqi proseslərinin, o cümlədən müsbət demoqrafik mənzərənin, əhali sakinliyi sahəsində pozitiv proseslərin onda xoş təəssürat oyatdığını, həmçinin respublikada bu sahədə aparılan siyasətdə BMT prinsiplərinin həmişə nəzərə alınmasından məmnunluğunu ifadə edib.
O, qarşıdakı dövrdə də UNFPA ilə Azərbaycan arasında birgə işlərin uğurla davam edəcəyinə əmin olduğunu bildirib. Görüşdə UNFPA tərəfindən hazırlanmış gender əsaslı cinsi seçimlə mübarizəyə dair layihənin həyata keçirilməsi, ölkədə demoqrafiya və əhali sakinliyi sahəsində elmi-tədqiqat işlərinin aparılması, bu sahədə elmi kadr potensialının inkişafı, Əhali Sakinliyi və Demoqrafiya üzrə Tədqiqat və Təlim Mərkəzinin fəaliyyət göstərməsinin təmin edilməsi, demoqrafik inkişafın qiymətləndirilməsi, əhali proqnozlarının hazırlanması və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadilələri aparılıb.
Trend.az