Azərbaycanda keçirilən buraxılış imtahanlarının nəticələrinin statistik göstəriciləri açıqlanıb

Posted by

Azərbaycanda keçirilən buraxılış imtahanlarının nəticələrinin statistik göstəriciləri açıqlanıbİştirakçılardan 50 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb

Azərbaycanda keçirilən buraxılış imtahanlarının nəticələrinin statistik göstəriciləri açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 6-da Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələrinin statistik göstəricilərini açıqlayıb.

 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 9-cu sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib.

 

Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzü üzrə yazı işi (inşa) yerinə yetiriblər. İmtahanın ümumi müddəti iki saat müəyyən edilib, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.

 

İmtahanda iştirakı nəzərdə tutulan 29382 şagirddən 410 nəfəri imtahana gəlməyib, 2 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 28970 şagirdin imtahan nəticələri yerləşdirilib.

 

İştirakçılardan 50 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.

 

11-ci sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilmişdir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilmişdir. Bundan əlavə, şagirdlərə təqdim edilmiş mövzü üzrə yazı işi yerinə yetirmək təklif olunub. İmtahanın ümumi müddəti iki saat müəyyən edilmiş, test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrııb.

 

İmtahanda iştirakı nəzərdə tutulan 24774 şagirddən 364 nəfəri imtahana gəlməyib, 17 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 24393 şagirdin imtahan nəticələri yerləşdirilib.

 

İştirakçılardan 37 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.

 

Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil (xarici dil tədris olunmayan məktəblərin şagirdləri üçün kimya) fənindən isə 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

 

Qeyd edək ki, imtahanlar Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuzda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.

 

Həmin gün Azərbaycan və rus bölmələri üzrə təhsil alan şagirdlərlə yanaşı Bakı şəhərinin Səbail və Nərimanov rayonlarında yerləşən və təhsili ingilis dilində olan orta məktəblərin, həmçinin Zaqatala, Qax və Balakən rayonlarında yerləşən və tədrisi gürcü dilində olan orta məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər də buraxılış imtahanı veriblər.

 

Apa.az