Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası üzrə yeni qiymətləndirmə formasının təqdimatı olub

Posted by

Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası üzrə yeni qiymətləndirmə formasının təqdimatı olubƏlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası üzrə yeni qiymətləndirmə formasının təqdimatı olub

Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası üzrə yeni qiymətləndirmə formasının təqdimatı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yeni hazırlanmış “Pilot bərpa mərkəzlərində əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının qiymətləndirmə forması”nın təqdimatı ilə bağlı seminar keçirilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə ƏƏSMN-nin müvafiq struktur bölmələrinin və əlillərin bərpa mərkəzlərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, beynəlxalq ekspertlər iştirak edib.

 

Seminarda “Pilot bərpa mərkəzlərində əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının qiymətləndirmə forması”nın Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində hazırlandığı diqqətə çatdırılıb. Qeyd olunub ki, son illərdə ƏƏSMN tərəfindən tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan işlərdə əsas məqsədlərdən biri də əlilliyi olan şəxslərə münasibətdə tibbi yanaşma ilə yanaşı, sosial modelin tətbiqidir. “Burada məqsəd əlilliyi olan şəxslərin sosial reabilitasiya potensialının nəzərə alınması və onun reallaşmasını təmin etməkdir. Hazırlanan yeni qiymətləndirmə formasında da bu prinsip diqqətdə saxlanılıb. Bu qiymətləndirmə forması bərpa mərkəzlərinə qəbul olunan əlilliyi olan şəxslərin sağlamlıq durumu ilə yanaşı, sosial vəziyyətini əks etdirən məlumatların da əldə olunmasına imkan verir ki, bu məlumatlar əsasında onların sosial reabilitasiyasına yönələn tədbirlər həyata keçiriləcək”, – deyə qeyd olunub.

 

Tvinninq layihəsi əhatə etdiyi fəaliyyət istiqamətində Litva, Fransa və Almaniyanın müvafiq dövlət qurumları ilə əməkdaşlığı nəzərdə tutur. Yeni hazırlanan qiymətləndirmə forması da Fransanın aidiyyəti qurumu ilə əməkdaşlıq şəraitində və həmin ölkənin bu sahədə qabaqcıl təcrübəsindən istifadə olunmaqla hazırlanıb. Artıq ƏƏSMN-nin pilot olaraq seçilmiş Müharibə Əlilləri üçün Müalicə Pansionatında və Sumqayıt Əlillərin Bərpa Mərkəzində bu qiymətləndirmə formasının tətbiqi üçün müəyyən hazırlıq işlərinə başlanılıb. Seminarda “Pilot bərpa mərkəzlərində əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının qiymətləndirmə forması” barədə ətraflı məlumat verilib və müzakirələr aparılıb, təkliflər səsləndirilib.

 

Apa.az