Bakıda “G-20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni əməkdaşlıq imkanları” mövzusunda elmi-praktiki konfrans keçirilib

Posted by

Bakıda “G-20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni əməkdaşlıq imkanları” mövzusunda elmi-praktiki konfrans keçirilibBakıda “G-20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni əməkdaşlıq imkanları” mövzusunda elmi-praktiki konfrans keçirilib

Bakıda “G-20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni əməkdaşlıq imkanları” mövzusunda elmi-praktiki konfrans keçirilib

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “G-20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni əməkdaşlıq imkanları” mövzusunda elmi-praktiki konfrans keçirilib.

 

“APA-Economics”in xəbərinə görə, tədbirdə çıxış edən ADİU-nun rektoru Ədalət Muradov deyib ki, Türkiyə Cümhuriyyətinin “G-20”yə sədrlik etdiyini xatırladıb. Onun sözlərinə görə, “G-20”liyə daxil olan ölkələrin iqtisadiyyatı dünya iqtisadiyyatının 80%-ni, üzv ölkələrin əhalisi dünya əhalisinin 2/3-ini təşkil edir. “G-20-yə üzv ölkələrin dünya iqtisadiyyatının idarə edilməsində problemləri əvvəlcədən müəyyənləşdirərək, bu problemləri aradan qaldırmaq üçün irəli sürdüyü təkliflər qlobal iqtisadi inkişafın təmin edilməsinə yönəlir. Azərbaycan dinamik inkişaf edən ölkədir. Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər beynəlxalq təşkilatlar, maliyyə müəssisələri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr nəinki regional baxımdan əhəmiyyətlidir, eləcə də dünya iqtisadiyyatına ciddi təsir edən layihələrdən sayılır. Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP və digər layihələr Azərbaycanın qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirir. Azərbaycan “G-20” çərçivəsində tədbirlərdə iştirak etməklə bu ölkələrin təcrübəsini öyrənir. Eyni zamanda, bu platformaya üzv ölkələr də Azərbaycanın əldə etdiyi nailiyyətlərdən yararlana bilər. Azərbaycanda iqtisadi inkişaf proqramlaşdırılır. Məhz bu baxımdan qlobal iqtisadiyyat üçün Azərbaycanın təcrübəsi önəmli ola bilər. Çünki, Azərbaycan çox azsaylı ölkələrdəndir ki, böyük investisiya cəlb edə bilir. Azərbaycan müstəqillik illərində öz iqtisadiyyatına 200 mlrd. ABŞ dolları həcmində xarici investisiya cəlb edib. Bu onu göstərir ki, Azərbaycanın iqtisadi modeli xarici investorların marağına xidmət edir”.

 

Türkiyənin Azərbaycanın varlığından güc aldığını deyən Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun isə qeyd edib ki, birgə həyata keçirilən layihələr sadəcə iki ölkə üçün deyil, bir çox dövlətlər üçün mühüm rola malikdir. Səfir “G-20” sammiti çərçivəsində həyata keçiriləcək iclaslarda irəli sürülən təkliflərin dünya iqtisadiyyatının inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

 

Maliyyə Nazirliyi Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin Direktoru Razim Vəliyev qeyd edib ki, bugünkü tədbir “G-20”nin Antalyada keçiriləcək zirvə toplantısına hazırlıq məqsədi daşıyır. Onun sözlərinə görə, dünya iqtisadiyyatının formalaşmasında “G-20”yə daxil olan ölkələr mühüm rol oynayır: “Azərbaycan hazırlıq məqsədi daşıyan iclaslarda da fəal iştirak edir. Dünya bazarında neftin ucuzlaşması fonunda Azərbaycan iqtisadiyyatı, xüsusilə qeyri-neft sektoru sürətlə inkişaf edir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi elmi təmələ söykənir və bu iqtisadi forma Azərbaycanda prioritetə çevrilib. Ötən il Azərbaycana 27 mlrd. ABŞ dolları həcmində xarici investisiya yatırılıb. İnvestorların hüquq və mənafelərinin qorunması, yerli və xarici sahibkarlara eyni şəraitin yaradılması ölkədə əlverişli investisiya mühiti yaradır. Bu da xarici investorların Azərbaycana marağını artırır. Bu baxımdan Azərbaycan “G-20”nin gündəliyində infrastruktur və investisiya müzakirələrində fəal iştirak edə bilər”.

 

Türkiyə Mərkəzi Bankının sədr müavini Mehmet Yörükoğlu inkişaf etməkdə olan ölkələrdə inflyasiya və məşğulluğa diqqət çəkib. M. Yörükoğlu bildirib ki, mərkəzi banklar qiymət risklərini azaltmaq üçün inflyasiyanın hədəflənməsinə xüsusi diqqət yetirməlidir.

Azərbaycan Mərkəzi Bankının pul siyasəti departamentinin direktoru Azər Ələsgərov Qlobal İqtisadi proseslər və Azərbaycan iqtisadiyyatı mövzusunda təqdimat edib. O, qlobal iqtisadi artım tempinin aşağı düşdüyünü vurğulayıb: “ 2008-ci il böhranına qədər qlobal iqtisadi artım 2008-ci ildən sonrakı dövrlə müqayisədə daha yüksək olub. Belə ki, 2002-2007-ci illərdə qlobal iqtisadi artım 4,7%, 2010-2015-ci illərdə isə 3,9% təşkil edib. Bu iqtisadi artım işsizliyi azaltmaq üçün kifayət deyil. Beynəlxalq Əmək təşkilatının proqnozlarına görə, iqtisadi artım bu templə getsə, dünyada işsizlik hazırkı 201 mln. nəfərdən 212 mln.-a çatacaq”.

 

A.Ələsgərov hesab edir ki, dünyada iqtisadi artım tempinin sürətlənməsi üçün qlobal səviyyədə koordinasiya olunmuş struktur transformasiyalara ehtiyac var.

 

Apa.az