Vəkillər Ədliyyə Akademiyasında beynəlxalq təcrübəni öyrənirlər

Posted by

Vəkillər Ədliyyə Akademiyasında beynəlxalq təcrübəni öyrənirlərVəkillər Ədliyyə Akademiyasında beynəlxalq təcrübəni öyrənirlər

Vəkillər Ədliyyə Akademiyasında beynəlxalq təcrübəni öyrənirlər

Ədliyyə Akademiyası tərəfindən xarici dövlətlərin ixtisaslaşmış tədris qurumları və hüquqşünasların peşəkar birlikləri ilə əlaqələrə mühüm önəm verilərək tədris prosesində beynəlxalq təcrübənin öyrənilməsinə, qabaqcıl təlim modellərinin tətbiqinə xüsusi diqqət yetirilir.

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası tərəfindən ölkəmizdə səfərdə olan Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Birliyi (CCBE) ilə birgə “Vəkillərin etik davranış qaydaları” mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda vəkillərin etik davranış məsələləri ilə bağlı müxtəlif ölkələrin təcrübəsinə diqqət yetirilib, CCBE tərəfindən qəbul olunmuş “Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya” və “Avropa vəkillərinin davranış Kodeksi”nə dair təqdimatlar dinlənilib, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

 

Səfər zamanı CCBE-nin prezidenti xanım Maria Slazakın başçılıq etdiyi nümayəndə heyəti ilə ədliyyə nazirinin müavini Azər Cəfərovun görüşü olub.

 

Nazir müavini vəkillər üçün keçirilmiş beynəlxalq seminarın əhəmiyyətini qeyd edib, ölkəmizin məhkəmə-hüquq sistemi barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər aparılan genişmiqyaslı islahatlar nəticəsində məhkəmə sistemi Avropa standartlarına uyğun daha da təkmilləşdirilib, yeni məhkəmələr və məhkəmə təsisatları yaradılıb, hakimlərin sayı iki dəfə, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılıb. Həmçinin vətəndaşların ədalət mühakiməsinə çatımlığının asanlaşdırılması, əhalinin müraciət imkanlarının genişləndirilməsi məqsədilə məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi üzrə görülən işlər diqqətə çatdırılıb.

 

Respublikamızın dinamik inkişafının şahidi olduğunu söyləyən xanım M.Slazak səfərin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. O, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

 

Qonaqlar məhkəmə-hüquq sisteminin inkişafından, səfər zamanı Ali Məhkəmənin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müasir binası ilə tanışlıqdan, orada yaradılmış ən yüksək şəraitdən, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən, eləcə də vətəndaşlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsindən heyranlığını bildiriblər.

 

Görüşdə, həmçinin Ədliyyə Akademiyasının fəaliyyəti, vəkillərin və vəkilliyə namizədlərin tədrisi, qabaqcıl təcrübələrin öyrənilməsi və s. barədə səmərəli fikir mübadiləsi aparılıb.

 

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

 

Səfər çərçivəsində CCBE-nin nümayəndə heyəti, həmçinin Milli Məclisdə, Ali Məhkəmədə və Ədliyyə Akademiyasında görüşlər keçiriblər.

 

AzərTac.az