Herbert Salber: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo qəbuledilməzdir və bu problem tezliklə həll olunmalıdır
Aprelin 30-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Baş nazirin müavini Əli Həsənov ölkəmizin bütün dünyaya açıq olduğunu, qoşulduğu konvensiyalara, götürdüyü öhdəliklərə sadiq qaldığını, zəngin enerji resursları ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ikili standartların olmasının, bu prosesdə ATƏT və digər beynəlxalq təşkilatların işğalçı ölkəyə təzyiq etməməsinin təəssüf doğurduğunu vurğulayan Əli Həsənov bu baxımdan beynəlxalq təşkilatların fəallığını daha da artırmasının vacibliyini bildirib. Əli Həsənov deyib: “Minsk qrupu üç ildən bir təklif irəli sürür. İndiyədək ona qədər təklif verib. Lakin bunların heç birinin səmərəsi olmayıb. Yeni komanda gəlir və yeni təklif verir. Son vaxtlar xalqlar arasında qarşılıqlı etimadın yaranması məsələsini ortaya atırlar. Onlar bilməlidirlər ki, əsl etimad Ermənistan rəhbərliyi ilə erməni xalqı, eləcə də beynəlxalq ictimaiyyət arasında yaradılmalıdır. ATƏT-in Minsk qrupu əgər etimad yaratmaq istəyirsə niyə regiona səfər edəndə məcburi köçkünlərlə görüşmək istəmir?”
Baş nazirin müavini Rusiya və Fransa prezidentlərinin qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı Yerevanda keçirilən tədbirlərdə iştiraklarından təəssüfləndiyini bildirərək bu addımın ATƏT-in Minsk qrupunun həmsədrləri olan həmin ölkələrin münaqişənin həlli prosesində ədalətli mövqe nümayiş etdirməsini şübhə altına qoyduğunu deyib.
Əli Həsənov ermənilərin beynəlxalq hüquq qaydalarını pozaraq Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyini də sərt tənqid edib. Baş nazirin müavini əlavə edib ki, beynəlxalq təşkilatlar da onların əsassız olaraq saxlandıqlarını bildirsə də, girovların azad edilməsi üçün Ermənistana ciddi təzyiq göstərmirlər. Girov götürülənlərdən biri, digərinin isə həyat yoldaşı Rusiya vətəndaşıdır. Lakin Rusiyanın öz vətəndaşının girovluqdan azad edilməsi üçün heç bir addım atmaması təəssüf doğurur.
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən narkotiklərin daşınması üçün istifadə etdiyini deyən Əli Həsənov ölkəmizin bununla bağlı müvafiq beynəlxalq qurumlara, xüsusən BMT-nin Vyana ofisinə müraciət etdiyini bildirib. Lakin Ermənistan digər beynəlxalq qurumlar kimi, BMT-nin Vyana ofisinin bununla bağlı qəbul etdiyi qərarlara da məhəl qoymayaraq, bu çirkin əməllərini davam etdirir.
Qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasının Azərbaycan dövlətinin diqqət mərkəzində saxlandığını bildirən Əli Həsənov ölkəmizin bu istiqamətdəki təcrübəsindən Avropada və digər ölkələrdə geniş istifadə olunduğunu söyləyib. Baş nazirin müavini Azərbaycanın məhz bu uğurlu təcrübəyə görə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin üzvü seçildiyini diqqətə çatdırıb.
Son illərdə Azərbaycanda miqrasiya proseslərinin sürətləndiyini diqqətə çatdıran Əli Həsənov deyib ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə azərbaycanlılar xarici ölkələrə üz tuturdular. Lakin müstəqilliyini möhkəmləndirdikdən və sürətli inkişaf yoluna qədəm qoyduqdan sonra Azərbaycan miqrantların təyinat ölkəsinə çevrilib. Bu sahə Azərbaycanda yeni olduğu üçün ölkəmiz bu istiqamətdə mühüm konvensiyalara qoşularaq dünyanın ən qabaqcıl təcrübəsindən istifadə edir.
Ətraflı məlumata görə minnətdarlığını bildirən Herbert Salber Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin dəyişməz qaldığını vurğulayıb. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo qəbuledilməzdir və bu problem tezliklə həll olunmalıdır. Bu münaqişə dondurulmuş sayıla bilməz və hər an alovlana bilər. Ona görə də tezliklə həll edilməlidir.
Erməni girovluğunda saxlanılan azərbaycanlıların azad edilməsinin vacibliyini vurğulayan qonaq məcburi köçkünlərin məskunlaşdıqları tələbə yataqxanasında onların yaşayış şəraiti ilə tanış olduğunu söyləyib. O, eyni zamanda, qaçqınlar və məcburi köçkünlər üçün yeni salınan qəsəbələrdə hər cür şəraitin yaradıldığını vurğulayaraq Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.
AzərTac.az