Prezident İlham Əliyev bir sıra qanunlara dəyişiklikləri təsdiq edib
Prezident İlham Əliyev “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1250-IVQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
Dəyişikliyə əsasən, qanunun 18-ci maddəsinin 3-cü hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilir:
“Təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir.”.
Dövlət başçısı, həmçinin, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1251-IVQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
Dəyişikliklərə əsasən, qanunun 3-cü hissəsinə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilir:
“Bazar subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda müvafiq icra hakimiyyəti orqanı maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir.”.
İlham Əliyev “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1252-IVQD nömrəli Qanununun tətbiqi haqqında da fərman imzalayıb.
Bu qanuna dəyişikliyə görə isə 11-ci maddənin 2-ci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilir:
“Təbii inhisar subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir.”.
Trend.az