28 aprel – Ümumdünya əməyin mühafizəsi günüdür
Beynəlxalq Əmək Təşkilatının təşəbbüsü ilə 2003-cü ildən etibarən qeyd olunmağa başlayan “28 aprel – Ümumdünya əməyin mühafizəsi günü” hazırda dünyanın yüzdən çox ölkəsində qeyd olunur. Azərbaycan Respublikası 12 may 1992-ci ildə Beynəlxalq Əmək Təşkilata üzv olub, onun 57 Konvensiyasına qoşularaq burada təsbit olunmuş prinsip və normaları qəbul edib.
Əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Əmək Məcəlləsinin 207-ci və 215-ci maddələrinə əsasən əməyin mühafizəsi üzrə normativ-hüquqi aktların tələblərinə işəgötürən və işçilər tərəfindən əməl edilməsi məcburidir. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq hər bir müəssisənin işəgötürəni müəssisənin istehsal etdiyi məhsuldan, gördüyü işdən, göstərdiyi xidmətdən asılı olmayaraq, işçilərinə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraiti yaratmalıdır. İşəgötürən, həmçinin, işçilərin əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl etmələrinə daim diqqət yetirməlidir.
Sağlam və təhlükəsiz əmək şəraitini yaratmaq işəgötürənlərin vəzifəsi olsa da, əmək müqaviləsi ilə işləyən hər bir işçinin də əməyin mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş vəzifələri vardır. Bu vəzifələr əməyin mühafizəsi üzrə müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tədbirlərini öyrənmək, əmək prosesində daim həmin qaydalara əməl etməkdir.
Son illər Azərbaycanda bir sıra sosial proqramlar icra edilib, investisiya layihələri həyata keçirilib. Bütün bunlar ölkəmizdə yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Respublikamızda yeni iş yerləri yaradılmaqla yanaşı, işçilərin hüquqlarının qorunması da diqqət mərkəzindədir. Əmək hüquqlarının qorunması və əməyin mühafizəsinin möhkəmləndirilməsi istiqamətində qanunvericilikdə dəyişikliklər edilib ki, bu da işəgötürənlərin işçilərin əmək hüquqlarına olan münasibətlərində məsuliyyətlərinin daha da artmasına səbəb olmuşdur. Əmək hüquqlarının pozulmasına yol verərək inzibati xəta törətmiş məsul şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Belə ki, əmək qanunvericiliyinin pozulmasına – işçiyə qanunvericiliklə müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə, əmək məzuniyyətinin verilməməsinə, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulmasına və sair kimi inzibati xətalara görə işəgötürənlər inzibati məsuliyyətə cəlb olunurlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işçi vətəndaşların hüquqlarının müdafiəsinə xüsusi diqqət və qayğı göstərir. Dövlət başçısının Fərmanına əsasən “Dövlət Əmək Müfəttişliyi Xidməti” yaradılmaqla, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın statusu daha da artırılmışdır. Bu da əmək hüquqlarının təminatının ölkədə aparılan sosial siyasətin əsas komponentlərindən biri olduğunu göstərir.
İşəgötürənlər tərəfindən müəssisələrdə əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl olunmasının diqqət mərkəzində saxlanılması, işçilərin təlimatlandırılması və biliklərinin artırılması işinin təşkili istehsalatda baş verəcək bədbəxt hadisələrin qarşısının alınmasında mühüm rola malikdir.
Dövlətimiz tərəfindən təhlükəsiz və sağlam iş yerlərinin yaradılması, istehsalat mədəniyyətinin yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bununla yanaşı, iqtisadi uğurlarını daim artırmağa çalışan işəgötürənlər də, ilk növbədə, öz işçiləri üçün layiqli iş yeri yaratmalı, insana və qanuna hörmətini, həm də ümumbəşəri dəyərlərə sədaqətini ifadə etməlidirlər.
AzərTac.az